Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Aut.az-ın əldə etdiyi məlumata görə, bir vaxtlar yığmanı çalışdıran Robert Prosineçki yenidən bu vəzifəyə təyin edilməyə yaxındır. Xorvatiyalı mütəxəssisin özü xidmətini AFFA-ya təklif edib.
Prosineçkinin bu istəyi federasiya da müsbət qarşılanıb. İcraiyyə Komitəsinin bəzi üzvləri onun namizədliyini dəstəkləyirlər. Elə AFFA prezidenti Rövnəq Abdullayev də seçimin yerli məşqçidən yana olmayacağı halda, əcnəbi namizəd kimi ilk olaraq Robertin olmasını istəyir.
Artıq Abdullayevin tapşırığı ilə vitse-prezident Elxan Məmmədov Xorvatiya Futbol İttifaqının konfransından sonra 54 yaşlı məşqçiylə görüşüb. Məmmədov ona AFFA rəhbərliyinin tələblərini çatdırıb və mövcud vəziyyəti müzakirə edib. Öz növbəsində Prosineçki də istəklərini federasiya rəsmisinə çatdırıb. O, Azərbaycanda çalışmaqdan və yaşamaqdan məmnun olacağını bildirib. Xorvatiyalı mütəxəssis hətta Azərbaycan milli komandasına və futboluna faydalı olmaq üçün Azərbaycanda ailəsiylə birlikdə daimi yaşamağa hazır olduğunu da gizlətməyib.
Elxan Məmmədov milli komandanın baş məşqçi məsələsinin dekabrın sonu və ya yanvarın əvvəlində həll ediləcəyini bildirib. Başqa iş təklifi alacağı halda bu məqamı nəzərə almasını bildirib.
Premyer Liqanın ikinci yarısına qədər yığmanın yeni baş məşqçisinin adının açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib. Onun dönəmində komanda 23 oyun keçirib – 6 qələbə, 6 heç-heçə, 11 məğlubiyyət.
Aut.az