Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Rusiya Biatlon İttifaqının ( SBR ) keçmiş prezidenti Aleksandr Kravtsovu 14 milyon rubldan çox mənimsəmə işi üzrə təqsirli bilərək, 7 il müddətinə azadlıqdan məhrum edib.
Aut.az xəbər verir ki, Kravtsov 2020-ci il sentyabrın 18-də həbs edilib. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 160-cı maddəsi (mənimsəmə və ya xüsusilə külli miqdarda mənimsəmə) ilə iş açılıb. İstintaq zərərin miqdarını 14,45 milyon rubl qiymətləndirib. İddialara görə, Kravtsov 2015-ci il yanvarın 1-dən 2017-ci ilin sonuna kimi bir neçə nəfəri qondarma olaraq milli komandada müxtəlif vəzifələrdə işlədib və onların hesablarına pul köçürüb.
Prokuror məhkəmədən Kravtsovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin cərimə və 3 il rəhbər vəzifə tutmasına qadağa qoyulmasını istəyib.
Qeyd edək ki, Kravtsov 2014-cü ildə Soçidə keçirilən Olimpiya Oyunlarında Rusiya idman nümayəndə heyətinin rəhbəri, 2014-2018-ci illərdə isə RBU-nun prezidenti, eyni zamanda Milli Komandaların İdman Hazırlığı Mərkəzinin direktoru olub.
Aut.az