AUT.AZ

Bezib, getmək istəyir

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri mövsümün sonunda komandanı tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, klubun prezidenti Andrea Anyelli 56 yaşlı mütəxəssisin komandada etdiyi dəyişikliklərdən razı qalmadığı üçün mövsümün sonunda onunla yolları ayırmaq imkanını nəzərdən keçirir. Alleqri də vaxtaşırı mətbuatda yer alan xəbərlərdən narazıdır. Həmkarı Antonio Kontenin Turin komandasının baş məşqçi postuna təyin olunacağıyla bağlı informasiyalar onu bezdirib.

İtalyan mütəxəssis 2021-ci ildən “Yuventus”a rəhbərlik edir. Bundan əvvəl Alleqri Turin klubunda 5 il (2014-2019) çalışıb. Onun “biankoneri” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Məşqçilik karyerası ərzində 56 yaşlı məşqçi 13 titul qazanıb ki, bunun 11-i “Yuve”də çalışarkən reallaşıb.

Qeyd edək ki, “Yuventus” hazırda A seriyasında 30 xalla ikinci sırada qərarlaşıb. “Ağ-qaralar” lider “İnter”dən 2 xal geri qalır.

Exit mobile version