“Cəmiyyət istəyinə çatdı, De Byazi Azərbaycanda işləmək istəmədi. Bəli, məhz işləmək istəmədi. Onu AFFA rəhbərliyi göndərmədi, özü getdi. Bunu qurumun baş katibi Sərxan Hacıyev, İcraiyyə komitəsinin üzvü Vaqif Sadıqov da açıqlamalarında təsdiq ediblər”.
Bu sözləri Yenisabah.az-la söhbətində tanınmış idman jurnalisti, Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib.
Müsahibimiz Azərbaycan milli yığmasının AVRO-2024-ün sonuncu təsnifat mərhələsi çərçivəsində Belçika millisinə 5:0 məğlub olmasından sonra baş məşqçi Canni De Byazi ilə olan müqaviləyə AFFA tərəfindən xitam verilməsi məsələsinə münasibət bildirib.
N. Muxtarlı sual edib ki, indi bundan sonra hansı addım atılmalıdır:
“Cəmiyyət hesab edir ki, De Byazi getsə, hər şey həllini tapacaq. Artıq müzakirələr başlayıb. Yerli məşqçi tələb edirlər. Bu həll yoldurmu? Qətiyyətlə “yox” deyirəm. Azərbaycanın ən uğurlu məşqçisi Qurban Qurbanov belə bu sistemdə işləməyə cəmisi bir il tab gətirdi.
Bundan sonra hansı məşqçini gətirirlər gətirsinlər, istər yerli olsun, istərsə də əcnəbi, bir ildən sonra onun da qovulmasını tələb edəcəyik. Niyə? Ona görə ki, Azərbaycan futbolunun potensialı budur: qrupda 5-6 xal toplamaq, ən yaxşı halda 4-cü yeri tutmaq”.
Onun sözlərinə görə, Azərbaycan futbolunun dərdi məşqçi dərdi deyil:
“Futbolumuzda idarəçi problemi var. Dövlət futbolun inkişafı üçün külli miqdarda vəsait ayırır. Amma o vəsait futbolun inkişafına yönəlmir. Ölkədə futbolçu yetişdirilmir. Uşaq futbolunda infrastruktur yoxdur. Bu sahəyə, ümumiyyətlə, yatırım edilmir. Futbol təsərrüfatı korrupsionerlər üçün çirkli vəsaitin yuyulduğu münbit məkana çevrilib”.
Həmsöhbətimiz vurğulayıb ki, onlar ölkə futbolunu bataqlığa çeviriblər:
“Biz 7 il bağırdıq ki, Berti Foqts Azərbaycan futboluna heç nə verməyəcək. Amma 7 il ərzində ona və dəstəsinə 10 milyon dollar pul verildi. Həmin 10 milyona 10 rayonda uşaq futbol məktəbləri qurmaq olardı. AFFA-nın illik hesabatında göstərilir ki, yığma komandaların saxlanılmasına ildə 10 milyon manat sərf olunur. Azərbaycanın əsas yığması Belçikada biabır olandan bir gün sonra U-19 yığması Lüksemburqa uduzdu, qrupda sonuncu yeri tutdu. Belə yığmalara ildə 10 milyon manat niyə xərclənməlidir?”.
Onun sözlərinə görə, Azərbaycanın bütün aşağı yaş qrupları bərbad nəticə göstərirlər:
“Bu gün Lüksemburqa məğlub olan 19 yaşlı futbolçu Azərbaycan futbolunun sabahı sayılır axı?! Deməli, sabahımız yoxdur! Mən o futbolçuları qınamıram. Onları necə öyrədiblərsə, elə də oynayırlar. Süni örtüyün üzərində savadsız məşqçilər topu atırlar qarşılarına, qaçırlar ora-bura.
Azərbaycanda yeni liqalar yaradılır, təsəvvür edin ki, ikinci dəstədə oynamağa futbolçu tapılmır. Amma AFFA açıqlayır ki, ölkədə 200 minə yaxın uşaq futbolla məşğul olur. Hanı o futbolçular? Azərbaycan futboluna islahat-nəfəs lazımdır. Amma məşqçi dəyişikliyi ilə bu nəfəsi vermək olmaz. Futbola pulu dövlət ayırır. O pulu peşəkara vermək lazımdır, çörək bişirmək çörəkçiyə tapışırılmalıdır”.
Jurnalistin fikrincə, yığma komandaya yerli məşqçi gətirilməli, ondan nəticə tələb olunmamalıdır:
“Zatən, bu nəticəni əldə etmək indiki futbolçu nəsli ilə mümkün deyil. Bu reallıqdır, bunu qəbul etmək lazımdır. Azərbaycan futbolunda indi islahat başlasa, milli komanda 10-15 ildən sonra nəticə verəcək. Əvvəlcə U-17, sonra U-19, daha sonra U-21 nəticə verəcək, sonra isə piramidanın zirvəsi – milli komandanın nəticəsi gələcək”.
“Amma bunun üçün indi işə başlamaq lazımdır. Uşaq futbolunda infrastruktur sürətlə qurulmalıdır. Özü də Azərbaycanda futbol ənənəsi olan bütün rayonları əhatə etməlidir. Uşaq futbolunda çalışacaq kadrların yetişməsinə, onların xaricdə təhsil almasına, təcrübə keçməsinə yatırım edilməlidir. Futbolçu məhsuldur. Biz bu məhsulu yetişdirmək üçün iş görməliyik, toxum səpməliyik, ona qulluq etməliyik. Hər gecikdiyimiz gün biz Avropa futbolundan xeyli geri salır.
Bir məşqçini qovulması ilə təsəlli tapırıq. Amma futbolumuzun dərdi o məşqçi deyil axı. Dərdimiz idarəçi dərdidir. Bunu həll etməsək, heç nəyə nail ola bilməyəcəyik”, – fikirlərini tamamlayıb.