Xəbər verdiyimiz kimi ötən gün Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Canni De Byazi ilə yollar ayrıldı.
Onun noyabr ayının sonunda başa çatacaq müqaviləsi yenilənmədi. Əslində bu qərar azarkeşlər və futbol ictimaiyyəti üçün sürpriz olmadı. Çünki həm milli komandanın uğursuz nəticələri, həm də italyan məşqçinin jurnalistlərlə gərginliklər yaşaması kifayət qədər çox təpki çəkirdi.
İndi isə onu kimin əvəzləyəcəyi müzakirə mövzuna çevrilib. Xüsusilə, milli komandamızın başına yerli və yaxud da xarici baş məşqçinin gətirilməsi məsələsi aktualdır.
Maraqlıdır, Azərbaycanın futbol üzrə milli komandasının yeni baş məşqçisi yerli, yoxsa xarici mütəxəssis olmalıdır?
Tanınmış idman jurnalisti Natiq Muxtarlı HİT.az-a açıqlamasında bildirib ki, bu gün futbol ictimaiyyətinin müzakirə mövzusu “Azərbaycan yığmasının baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis olsun” sualı ətrafında olmamalıdır:
“Çünki məşqçi amili futbolumuzun inkişafına heç bir təsir etməyəcək. Bu və ya digər məşqçinin nəticəsi 1-2 xal fərqli ola bilər. Yəni bu gün Azərbaycan futbolunun potensialı böyük turnirlərin final mərhələsində iştirak etmək üçün yetərli deyil. Ona görə də, yığmaya gənc yerli məşqçilərdən biri təyin edilməlidir. Ondan heç bir nəticə tələb olunmamalıdır. Çünki nəticə qazanmaq mümkün deyil”.
Həmsöhbətimiz onu da əlavə edib ki, Azərbaycan futbolunda köklü islahata start verilməlidir:
“Bu islahat AFFA-dan başlamalıdır. 15 ildən yuxarıdır ki, dövlətin futbola ayırdığı vəsaiti mənimsəyənlər bu təsərrüfatdan uzaqlaşdırılmalıdır. Futbol peşəkarlara tapşırılmalıdır. Uşaq futbolunda infrastruktur qurulmalıdır. Bunun üçün vəsait də var. AFFA milli komandaya ildə 10 milyon manat ayırır. Belə mili komandaya bu qədər vəsait niyə sərf olunmalıdır? Özbəkistan Futbol Federasiyasınını illik büdcəsi heç 10 milyon deyil. Amma bu ölkənin əsas yığması Asiyanın iddialılarındandır. U-17 yığması dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Özü də İngiltərəni məğlub edərək.
Azərbaycanda bütün yaş qrupları üzrə yığmaların saxlanılmasına 2 milyon manat geninə-boluna bəsdir. Qalan vəsait uşaq futboluna yönəldilməlidir. Biz bu işə bu gün başlamasaq, heç 20 ildən sonra da nəticə görməyəcəyik. Futbol ictimaiyyəti bu hədəf ətrafında müzakirə aparmalıdır. AFFA İcraiyyə Komitəsində oturmuş diletantlar, “ləbbeyk” deyənlər, korrupsionerlər mütləq qurumdan uzaqlaşdırılmalıdır. Amma onları uzaqlaşdırıb, futbolu yenə də onlardan betərlərinə tapşıracaqlarsa, onda vay halımıza. Biz “Neftçi”də bunu müşahidə edirik. Futboldan anlayışı olmayan birini göndərib, digərini gətirirlər. Ona görə də, ölkənin ən köklü klubu rəzil durumdadır”.
Natiq Muxtarlı qeyd edib ki, Azərbaycan futbolunun dərdi də, dərmanı da bəllidir:
“Amma bu dərmanı ona verən yoxdur. Mətbuat öz işini görür, problemləri qabardır, hətta həll yollarını da göstərir. Ancaq nə fayda… Belə çıxır ki, özümüz deyib, özümüz eşidirik. Bir qrup adam futbola ayrılan vəsaiti mənimsəyib, ağlasığmaz həddə varlanır və nəticədə digər ölkələr sürətlə inkişaf etdikcə, biz daha da geri gedirik”.