“Uzaq yol qət etmişdik. Yol yorğunluğu var idi. “Qəbələ” ilə oyun bizim üçün çox vacib idi. Komandanın bu qələbəyə ehtiyacı var idi”.
Bu sözləri Aut.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev deyib. “Qəbələ”ni səfərdə iki cavabsız qolla məğlub etmələrini şərh edən futbolçu “ağ-qaralar”ın cari mövsümdə sabit çıxış etməməsinin səbəbini də açıqlayıb. Bildirib ki, bu, onların keçirdiyi ən pis mövsüm deyil:
“Bəli, sabit çıxış etmirik. Çatışmazlıqlar var. Onları düzəltmək üçün çalışırıq. Bu, bizim özümüzdən asılı bir şeydir. Nə qədər çox çalışsaq, çox istəsək, daha tez düzələr. Bundan da pis dövrümüz olub. Mən 9 ildir “Neftçi”dəyəm, daha pis keçən mövsüm görmüşəm. Bu dəfə belə davam etməyəcək. Bizə dəstək olandan sonra hər şey düzələcək”.
30 yaşlı yarımmüdafiəçi hələ də çempionluq uğrunda mübarizə apardıqlarını bildirib:
“Çempionat yeni başlayıb. Komandalar arasında xal fərqi o qədər də böyük deyil. Duraq deyək ki, hər şeydən əlimizi üzmüşük, elə şey yoxdur. Çempionluq uğrunda mübarizə aparırıq. “Neftçi” həmişə çempion olmaq üçün yarışıb, elə bu gün də. Mövsüm hələ qabaqdadır. Hamımız, başda mən olmaqla bütün komanda bunu dərk edir. Bütün oyunlara qələbə üçün çıxacağıq. İnşallah ki, hər şey istədiyimiz kimi olar”.
Bu mövsüm komandası üçün vacib qollar vuran və daha çox şans qazanan Hacıyev əvvəlki baş məşqçi Laurentsiu Regekampfdan fərqli olaraq hazırda komandaya rəhbərlik edən Adrian Mutunun ona daha çox güvəndiyini bildirib:
“Özümü Mutu ilə rahat hiss edirəm. Ötən mövsümün 6 ayın zədəli oldum. Geri qayıdanda mənə güvənmədilər. Açıq danışım, əvvəlki məşqçi ilə (red- Laurentsiu Regekmapf) özümü rahat hiss etmədim, mənə güvənmədi. Mutu mənə güvənir, şans verir. Mən də çalışıram ki, bunu doğruldum. Bilirəm ki, daha yaxşısını da edə bilərəm. Bunun üçün çalışıram”.
Yarımmüdafiəçi milli komandaya dəvət almaması barədə də danışıb:
“Son toplanışda milli komandadan dəvət gözləyirdim, amma olmadı. Buna baxmayaraq həvəsdən düşmürəm, hələ də dəvət gözləyirəm”.
Qeyd edək ki, Rəhman Hacıyev bu mövsüm “Neftçi”nin ən məhsuldar futbolçusudur. O, ümumilikdə 4 qol vurub və məhsuldar ötürmə edib.
Aut.az