Azərbaycan futboluManşet

“Neftçi” azarkeşləri bezdi, toplaşırlar: Prezidentə müraciət edəcəklər

“Neftçi”nin daimi uğursuzluğu klubun sadiq azarkeşlərini hövsələdən çıxarıb.

Aut.az xəbər verir ki, böyük pullar xərclənməsinə rəğmən, komandanın hazırda Premyer Liqanın beşinci sırasında qərarlaşması və yeni rəhbərliyin uğursuz idarəçiliyi təcrübəli azarkeşləri qəzəbləndirib. Nəticədə fanatlar toplaşaraq səslərini ucaltmaq qərarına gəliblər.

Bu barədə “ağ-qaralar”ın sadiq azarkeşi Fazil Dadaşov “Neftçi” Əzəməti” adlı “Facebook” qrupunda paylaşım edib. O, paytaxt təmsilçisindəki vəziyyətlə bağlı ölkə prezidentinə müraciət edəcəklərini bildirib:

“Sabah”a məğlubiyyət son damla idi, artıq bıçaq sümüyə dirənib. Aramsız olaraq səhifələrdə, qruplarda klubda hökm sürən xaos, savadsız və səviyyəsiz idarəçiliklə əlaqədar iradlarımız, nöqsanlar haqqında şərhlərimiz, paylaşımlarımız rəhbərlik tərəfindən qulaqardına vurulur. Bir il ərzində heç bir müsbət irəliləyiş yoxdur. Şübhəsiz, belə davam edəcək, heç bir irəliləyiş də olmayacaq. Buna görə də biz “Neftçi” Əzəməti” qrupunun ağsaqqal azarkeşləri olaraq əməli addımlar atmaq qərarına gəlmişik. Yaxın zamanlarda 200-300 nəfərlik auditoriyada yığıncaq keçirməyi planlaşdırırıq. Bu toplantıya bütün “Neftçi” fanat qruplarının nümayəndələri də təşrif buyurub gələ bilərlər və dəvətlidirlər.

Bu yığıncaqda “Neftçi”nin başına açılan oyunlar, şişirdilmiş qiymətlərlə, 5-6 ay futboldan uzaq qalmış, tibb müayinələrdən keçmələri şübhə doğuran, davamlı zədələrə meyilli səviyyəsiz futbolçular, məşqçilər heyətinə sərf edilən milyonlarla avrolar, klubun şou-bizneş obyektinə çevrilməsi, idarəçiliyinin futbolla anlayışı olmayanlara tapşırılması ilə çox qeyri-peşəkarcasına idarə olunması barədə fikirlər-dinləmələr olacaq. Sonda isə bütün bunlar təfsilatı və əsaslı faktlarla yazılı şəkildə ölkə prezidentinə göndəriləcək.

Bu gün “Neftçi” idarəçiləri klubumuzu sevmirlər, diletantların əllərində klub məsxərə, gülüş obyektinə çevrilib. Biz “Neftçi”sevərlər ordusu buna imkan verməyəcəyik. Klubu bu iflic xəstəliyindən qurtarmalıyıq.

Toplantıya “Neftçi”nin taleyinə biganə qala bilməyən veteran futbolçularımızı, futbol funksionerlərimizi, futbol ekspertlərini də dəvət edirik”.

Aut.az