AUT.AZ

Azərbaycan futbolunun siması – “İrəvan”

Belə olacağı bəlli idi. Azərbaycanda harada pul varsa, orada “istedadlı dələduzlar” peyda olur. Azərbaycanda pulu “çörəkçi”yə vermirlər heç vaxt. Futbol təsərrüfatı da istisna deyil.

Bəndəniz bir dəfə yazmışdı: Azərbaycanda futbolun olmasını istəyiriksə, bu sahəyə pul ayrılmamalıdır. İcazə verin, bu iddiamı bir daha izah edim. Pul olmasa, futbol təsərrüfatında bircə “istedadlı dələduz” da qalmayacaq. Başqa sahələrə üz tutacaq onlar. Və beləcə, futbol təsərrüfatı qalacaq futbolu sevənlərin – peşəkarların ümidinə. Onlar pulsuz işləyəcəklər. Və pulsuz təsərrüfatda futbolçu da yetişəcək.

Amma olmadı. Pulu kəsmək əvəzinə artırdılar. İndi ikinci dəstə də var, region liqasına da pul ayırır dövlət. Və gözlənilən oldu: “istedadlı dələduzlar”, oyun alverçiləri axın etdilər futbola.

Bu da nəticəsi: “İrəvan”ı deyirəm ey. Hələ yayda hiss olunurdu bu “istedadlı dələduzlar”ın hansı hoqqadan çıxacağı. Amma AFFA, PFL hiss etmədi.

Bu da nəticəsi: Azərbaycan futbolunda qaş düzəldirdilər, vurub gözü də çıxardılar.

Hələ “İrəvan” “jurnal”dır, “kino” irəlidə olacaq. Azərbaycanda futbola pul ayrılmamalıdır. Bu pul futbolun inkişafına yox, “istedadlı dələduz”ların cibinə gedir.

Futbol regionlara yayılır, maraq artır və kimlərsə inanır ki, inkişaf olacaq. Kimlərlə? Bir dönün “İrəvan”a (yox bir “Göyçə”, “Basarkeçər” – təkcə elə ad seçimi hər şeyi izah edir) baxın və ondan sonra inanın, nə qədər inanırsınız.

Natiq Muxtarlı

 

 

 

 

Exit mobile version