Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda Avstriya seçməsinə 0:1 hesabı ilə məğlub olub.
Aut.az xəbər verir ki. yığmamızın baş məşqçisi Canni De Byazi qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Yaxşı oyun keçirdik. İlk hissədə oyunumuz yaxşı alınmadı. Topla bacarığımızı göstərə bilmədik. Fasilədən sonra yaxşı oynadıq. Təəssüf ki, qol buraxdıq. Amma balansı saxlamışdıq, mübarizə aparırdıq. Sona qədər meydanda qaldıq. Son dəqiqəqə yaxşı şansımız oldu. Toral üçün heyfslənirəm, çox yaxşı oynadı, qol vurmağa layiq idi. Heyf ki, yaxşı nəticə olmadı.
– Avstriyanın oyunçu dəyişikliklərinə gec reaksiya göstərdiniz. Sonuncu əvəzetməyə kimi saxlamışdınız?
– İkinci yarıda yaxşı oyun gedirdi, dəyişikliklərə ehtiyac yox idi. Fasilədən sonra rəqib qol vurdu. Son dəqiqəyə qədər mübarizə apardıq. Avstriya güclüdür, Avropa çempionatına vəsiqə qazandı. Onların futbolçuları güclü çempionatlarda oynayırlar, fiziki baxımdan güclüdürlər.
– Rəqibə hansı komponentdə uduzduq?
– Əsasən ilk hissədə topla daha yaxşı oynamalıydıq. Nədənsə, çəkinirdik, qorxurduq. Üç gün əvvəl Estoniya ilə oynamışdıq, yorğunluq görünürdü. Avstriya güclü idi, amma biz də inkişaf etmişik, dörd qol buraxmadıq, yalnız penaltiyə görə uduzduq. 90-cu dəqiqədə qol vursaydıq, bu gün burada pivənin iyini görməyəcəkdik. Əlimizdən gələni etdik. Amma uşaqlardan çox da nəsə tələb edə bilmərik.
– Jurnalistlərlə heç vaxt razı olmursuz. Oyun ərzində aut ata bilmirdik, standart vəziyyətlərdə effektli deyildik. Bunu nə ilə əlaqələndirirsiniz?
– Təbii ki, jurnalistlərlə razı olmaya bilərəm. Məcbur deyilik ki, bir-birimizlə razılaşaq. Məsələn, sənin “Real”dan xoşun gəlir, mənim yox. Uşaqlar maksimum oynadılar. Mənim vacib olan üçün tək keyfiyyət deyil, ən vacibi odur ki, oyunçular bütün enerjisini meydanda qoysunlar. Bu baxımdan razıyam onlardan. Təbii ki, nəticə fərqli olsaydı, daha çox sevinərdik. Futbol piramida kimidir. Yuxarıda yer azdır, aşağıda çoxdur. Addım-addım piramidanın yuxarısına gəlməliyik.
– İnkişaf etmək üçün nə lazımdır?
– Heç nə bir gündə hazır olmur. 14 ayda 7 qələbəmiz, 6 məğlubiyyətimiz, iki heç-heçəmiz var. Bu, faktdır. Özündən güclülərə qarşı oynayırsansa… Avstriyaya uduza bilərik, amma başımız dik qaldıq, sona qədər mübarizə apardıq.
– Yerdən pivə qoxusu gəlir, çünki Avstriya millisi mətbuat konfransında qələbəni pivə ilə qeyd etdi. Nə vaxta kimi biz rəqiblərin pivəsini iyləyəcəyik?
– Çayın iyisini istəyirsən? Kimin nə xoşuna gəlir, onu içir. Bilmirəm, nə vaxt biz də sevinəcəyik, bizdə də belə olacaq. Nəyisə əldə etmək üçün vaxt lazımdır. Bu il çox oyunçu xaricə getdi, amma həmən nəticə istəyə bilmərik. Oyunçu seçimi çox olmalıdır.
– Millətlər Liqasında pley-off oynamaq şansımız var. Rəqibləri izləyirsiz?
– Bəxtimizdən Lüksemburq da, Yunanıstan da uduzacaq.
– Musa Qurbanlı iki oyundur ki, az oynayır. Səbəb nədir?
– Ozan Can Kökçü, Rəşad Əzizli də oynamadı. 25 Nəfərimiz var, iki nəfəri kənarda saxlamalıyıq. Onları kənarda saxlayanda ürəyim ağrayır, hamısı oğlum kimidir. Uduzmağı heç sevmirəm, çox əsəbiyəm. Amma yenə də uşaqlara oyundan sonra “çox sağ ol” dedim. Məni əsəbləşdirən məqam odur ki, topla ilk yarıda daha yaxşı oynamalıydıq.
– İşdir, Lüksemburq və Yunanıstan bizə Millətlər Liqasında pley-off oynamaq şansı versə necə olacaq? Bunlar baş versə, Gürcüstanla oynayacağıq. Nələri dəyişmək lazımdır?
– Nəyə hazırıq? Hər şeyi proqramlaşdırıram. Hazırda biz ancaq gözləməli və ümid etməliyik ki, bunlar baş versin.
= Bizdə belə şans olsa, nəyi dəyişməliyik ki, uğurlu çıxış edək?
– Başa düşdüm. Heç nəyi dəyişməli deyilik, çalışacağıq ki, belə inkişaf edək və güclənək.
– Komandanın penalti vuranı Emindir?
– Ramil Şeydayev qol vurur, hələ ki, odur. Eminin millidə 11 qolu var, digərləri də vursun.
– Son üç oyunda milli komandada sanki irəliləyiş hiss olunur. Birdən-birə nə dəyişdi?
– Biz yaxşı başlamadıq, ilk oyunumuz Avstriya və İsveçdəydi. O oyunları yaxşı analiz edin, görün bizdə nə çatışmadı. Təcrübə baxımdan çox geri qalırıq. Çox işləməliyik. Çox xal yığmamışıq. Amma kimsə fikirləşirdi ki, bu qrupda çox xal yığararaq qrupdan çıxacağıq, demək ki, futbolu yaxşı izləmir və futboldan başı çıxmır.