AFFA prezidentinin dəyişəcəyi dəqiqdir. SOCAR-dan uzaqlaşdırılan Rövnəq Abdullayev AFFA prezidenti postunda da qalmayacaq.
Bəs onu kim əvəz edəcək? AFFA-ya nəzarət həmişə SOCAR-a tapşırılıb.
Özü də AFFA prezidenti də həmişə “Neftçi”dən gəlib. Deməli, AFFA-nın növbəti prezidentinin kim olacağını təxmin etmək o qədər də çətin deyil. Rövşən Nəcəf. SOCAR prezidenti hazırda “Neftçi”də təcrübə keçir. Yəni futbolu neçə bildiyini nümayiş etdirir.
Necə bilir? Təəssüf ki, Rövşən Nəcəf də futbolu bilmir, eynən Rövnəq Abdullayev kimi. Onun “Neftçi”dəki “islahatı” futbolu necə bildiyinin bariz sübutudur.
Fikir verin, Rövşən Nəcəf “Neftçi”nin büdcəsini kifayət qədər artırıb. Məqsəd “Qarabağ”la çempionluq uğrunda mübarizə aparacaq, avrokuboklarda sabit çıxış edəcək komanda yaratmaqdır.
Bəs bu komanda necə yaradılır? Bütün proseslərə Rövşən Nəcəf şəxsən nəzarət edir. Və SOCAR prezidenti hesab edir ki, “Qarabağ”la rəqabət aparmaq üçün bu komandada heyətə düşə bilməyən futbolçuları – Qara Qarayevi, Filip Ozobiçi transfer etmək yetərlidir. Edir və “Neftçi” “Qarabağ”ın əvəzediciləri qarşısında biabır olur.
Rövşən Nəcəfin məşqçi seçimi də “göz oxşayır”. Adrian Mutu. Onu da şəxsən özü dəvət edib. 15 ilə yaxındır sabit nəticə göstərən, bəlli oyun sistemi olan Qurban Qurbanovun qarşısına heç bir məşqçilik uğuru, özünəxas sistemə sahib olmayan, futbolçu karyerasında da “narkoman” kimi tanınan biri ilə çıxarır “Neftçi”ni.
Rövnəq Abdullayev futbolu bilmirdi, ona görə də səlahiyyəti vermişdi Elxan Məmmədov. Elxan Məmmədov da başının dəstəsi ilə “torba tikirdi” Azərbaycan futboluna. Rövşən Nəcəf futbolu bilmir, amma bütün qərarları özü verir.
Yəni bu iki şəxsin fərqi budur: Rövnəq Abdullayev futbolu bilmir və bilmədiyini də bilir, ona görə də işi başqalarına etibar edir.
Rövşən Nəcəf futbolu bilmir, amma bilmədiyini də bilmir, hər bir qərarı özü verir, heç kimlə məsləhətləşmir.
Onlardan hansı təhlükəli kadrdır? Əlbəttə Rövşən Nəcəf. Futbolu bilmədiyini bilən Rövnəq Abdullayev işi Elxan Məmmədova yox, peşəkara tapşırsaydı, futbol inkişaf edərdi.
Amma futbolu bilmədiyini bilməyən Rövşən Nəcəf bu işi heç kimə tapşırmayacaq, nə qeyri-peşəkara, nə də peşəkara. Vay Azərbaycan futbolunun halına. Bilmədiyini bilməyəndənsə, bilmədiyini bilən daha yaxşı kadrdır.
Lütfən, Rövşən Nəcəfin “islahat” apardığı “Neftçi”yə baxın və Rövnəq Abdullayevə toxunmayın!
Natiq Muxtarlı