AUT.AZ

Murad Musayevi qovun, əks halda…

Yanılmışam. “Sabah”ın baş məşqçisi Murad Musayevin bir atımlıq barıtı varmış. Musayev Azərbaycanda ikinci “Qarabağ”ı yaratmaq potensialına sahib deyil. Artıq özü də bunu anlayıb.

Ona görə də, qəzəblidir, aqressivdir. Artıq açıq şəkildə sayğısızlıq edir.

“Kəpəz”lə qarşılaşmadan sonra işlətdiyi ifadə peşəkar məşqçiyə xas deyil. Belə ifadələri zəif insanlar, cığallar, intriqabazlar, işinin öhdəsindən gələ bilməyənlər işlədir.

Murad Musayev “mənim komandam “Kəpəz” kimi futbol oynasaydı, futbolu atardım” deyir.

Amma onun komandası zəif “Partizan”la cavab qarşılaşmasında daha betər futbol oynamışdı. “Partizan”ın nə qədər zəif olduğunu isə sonrakı mərhələdə Danimarka klubu sübut etmişdi, daşını daş üstə qoymamışdı serblərin.

Yaxşı olardı ki, “Partizan”la oyunda “Sabah” elə “Kəpəz” kimi oynayaydı. Onda elə zəif komandaya məğlub olmazdı.

Murad Musayev tükənib. Tükəndiyini özü də bilir. Bildiyi üçün də, aqressiv, son zamanlar isə tərbiyəsiz (həmkarına qarşı belə sözlər işlədən bir mütəxəssis haqda bundan yumşaq ifadə bilmirəm) olub.

Ümumiyyətlə, Rusiya məşqçilik məktəbinin müasir futbolun standartlarına cavab vermədiyi bəllidir. Onların bir atımlıq barıtı olur. Bunu Slutskinin də, Çerçesovun da timsalında görmüşdük. Murad Musayev də sübut etdi. Bu adam barıtını atdı. Göndərin getsin, ondan Fatıya tuman, “Sabah”a məşqçi olmaz.

Natiq Muxtarlı

Exit mobile version