AUT.AZ

Premyer Liqanın həsəd aparacağı məqam: Bu Liqa nə vəd edir? – VİDEO

Ötən gün futbol üzrə Azərbaycan çempionatının ikinci liqasında ilk turun oyunları keçirilib. 14 komandanın mübarizə apardığı çempionatın 7 oyunundan 5-i bölgədə baş tutdu.

Elə bunun nəticəsi idi ki, matçlara böyük maraq vardı. Qarşılaşmalar liqanın səviyyəsinə uyğun olaraq maraqlı formada keçdi. Bütün oyunlar məhsuldarlığı ilə seçildi. Qarşılıqlı qollar qeydə alınması da qeyd ediləsi məqamlardan biridir. Bu məqamda nəticələrlə tanış olmağınız yerinə düşər:

Azərbaycan İkinci Liqası, I tur

Füzuli – Cəbrayıl 3:4
Baku Sportinq – Şəfa 3:2
Ağdaş – Şahdağ Qusar 2:2
Sheki City – Dinamo 2:1
Lerik – Qusar 3:1
Şəmkir – Kür-Araz 2:3
Göygöl – Kürmük Qax 4:2

İkinci Liqanın oyunları Peşəkar Futbol Liqası tərəfindən canlı yayımlandı. Qarşılaşmaları bir neçə dəqiqə izlədikdən sonra xoş təəssüratlar yaranmağa başladı. Düzdür, matçların keçirildiyi stadionlar, ot örtükləri heç də yüksək səviyyədə olmasa da, ab-hava insana doğma gəlirdi. Stadionlarda azarkeşlərin öz yerlərini alması və onların Premyer Liqa matçlarındakı tamaşaçı sayından çox olması diqqətdən yayınmaya bilməzdi. Azərbaycan futbol ictimaiyyətinin illərdir həsrətində olduğu İkinci Liqa nəhayət reallığa çevrildi. Uzun illərdir 14-15 klubun və əvəzedicilərin yarışından ibarət olan futbolumuza illər sonra yeni nəfəs gəldi.

Çempionat yarıpeşəkar statusa malik olsa da, gələcəyə inam böyükdür. Liqanın necə keçiriləcəyi, hansı çətinliklərin, sürprizlərin yaşanacağını proqnozlaşdırmaq olduqca çətindir. Ancaq ikinci liqanın gəlişi futbolumuzun taleyini dəyişmək, gələcəyə az da olsa ümidlərlə baxmaq üçün şansdır.

Ağdaş, Şəki, Göygöl, Qax, Lerik, Şəmkir, Füzuli və Cəbrayıl kimi şəhərlərin uzun fasilədən sonra peşəkar futbola qayıtması xoş məqamdır. Xüsusilə Qarabağı təmsil edən peşəkar klublarının sayının 3-ə yüksəlməsi ölkəmiz adına olduqca vacib amildir. Ümumiyyətlə, ikinci liqanın varlığı bəlkə də kimlər üçünsə elə də önəmli deyil, amma Azərbaycan futbolunun gələcəyini xilas etmək baxımından vacib addımdır.

İlk illərdə İkincli Liqa Azərbaycan futboluna, Peşəkar Futbol Liqasına problem, başağrısı ola bilər. Ancaq zaman keçdikcə hər şey yoluna düşəcək. Bunun üçün isə doğru addımlar atılmalı, bölgə klublarının nüfuzundan və onların təmsil etdiyi bölgələrin futbola olan marağından maksimum yararlanmaq lazımdır.

Çempionun Birinci Liqaya vəsiqə qazanacağını nəzərə alsaq, bəlkə də illər sonra bu çempionatın komandalarının Premyer Liqanın işitrakçısı, avrokuboklara vəsiqənin sahibiləri kimi görə bilərik. Bu turnir eyni zamanda futbolumuza yeni sponsorlar, kadrlar və futbolçular qazandıra bilər. Bölgələrdə nəinki futbolun, digər sahələrin inkişafı üçün də yaxşı fürsətdir. Bunun üçün düzgün strategiya seçilməli və ədalətli qərarlar verilməlidir. (Publika.az)

 

Exit mobile version