Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatı başa çatmaq üzrədir. Artıq mundialda son yarış günləri keçirilir. Bir sıra iştirakçılar çıxışlarını başa vuraraq ölkələrinə dönüblər. Son olaraq qeyri-olimpiya növlərində çempionların adlarına aydınlıq gələcək.
Aut.az xəbər verir ki, dünya çempionatının son günü olduğundan, artıq yarışla bağlı təəssüratlar və nəticələr müzakirə edilir. Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarışın yekunlarıyla bağlı media nümayəndələrinin suallarını cavablandırıb:
– Dünya çempionatı artıq yekunlaşır. Təəssüratlarnız necədir? Sizin üçün hansı yaddaqalan və maraqlı məqamlar oldu?
– Azərbaycanda keçirilən atıcılıq üzrə ən böyük idman tədbiri oldu. 1239 idmançı mübarizə apardı. Bu vaxta kimi belə statistika olmayıb. Eyni zamanda mundialda 101 ölkə yaırşdı. Bu da rekorddur. Bakını tərk edənlər həm elektron poçt ünvamıza, həm də şəxsi hesabımıza təşəkkür mesajları yazırlar. Bildirirlər ki, hələ bu səviyyədə dünya çempionatı təşkil edilməyib. Bu, bizim üçün çox xoşdur. İndi rahatlıqla deyə bilərik ki, beş il əvvəl Cənubi Koreyada keçirilən dünya çempionatından daha yüksək səviyyədə yarış təşkil etmişik. Bunu biz deyil, iştirakçılar bildirir. Bizim üçün çox xoşdur.
– Milli komandamızın dünya çempionatındakı çıxışını necə dəyərləndirirsiniz?
– Bu yarış bizim üçün uğurlu oldu. Komanda olaraq üç medal qazandıq. Dünya çempionatlarındakı sonuncu qızıl medalımızı 2001-ci ildə Qahirədə keçirilən yarışda Zenfira Meftahetdinova qazanmışdı. Ondan sonra bu vaxta qədər medalımız olsa da, “qızıl”ımız yox idi. Son mundialda iki medal qazanmışdıq – bir “gümüş”, bir “bürünc”. Bu il sayı üçə çatdırdıq. Yavaş-yavaş say baxımından irəliləyirik. Ümid edirik ki, növbəti yarışda daha çox medalımız olacaq. Medal qazanmasalar da, gənclərimiz bizi çox sevindirdi. Nəticələri göz özündədir, irəliləyirlər. Nəzərə alsaq ki, gənclər arasında keçirilən dünya çempionatında iki medalımız var, bununla milli komandamızın mundiallarda qazandığı ümumi medal sayı beş olur. Bizim üçün çox yaxşı nəticədir.
– Bu çempionat rekordlarla da əlamətdar oldu…
– Çox sayda rekord qeydə alınıb. 13 dünya rekordu və təkrarlanması olub. Həm güllə, həm stend atıcılığından bu göstəricilər qeydə alındı. Çinli idmançının 25 metr məsafəyə tapançadan cəld atəşdən 40 atışdan 39-unu dəqiq yerinə yetirməsi tarixi rekord idi. Düşünürəm ki, onu uzun müddət yeniləmək mümkün olmayacaq. Çünki finalda 40 atışın hamısını dəqiq yerinə yetirmək çox çətindir. Bu göstərici yəqin ki, hələ uzun müddət tarixdə qalacaq.
– Norveç təmsilçisi feyr-pleylə gündəmə gəldi. Bu barədə məlumat verərdiniz?
– Norveç komandası komanda növündə 300 metr məsafəyə standart atışda üçüncü olmuşdu. Amma norveçli atıcılardan biri texniki səbəblərdən diskvalifikasiya olunmuşdu. Onlar mükafatlandırma mərasiminə çıxsalar da, sonra Beynəlxalq Atıcılıq İdman Federasiyası (İSSF) nümayəndəsinə yaxınlaşaraq bildirdilər ki, bizim bir idmançımız diskvalifikasiya olunduğu üçün bizə medal düşmür. Medalları geri qaytardılar. Beynəlxalq Atıcılıq Federasiyası onların addımını feyr-pley kimi nəzərə aldı. Qərara alındı ki, medal Norveç komandasına geri qaytarılsın.