AUT.AZ

Cəfərquliyev özünü niyə idarə edə bilmirdi?

Aşırı aqressiya, aşırı əsəb bitirəcək bizi axırda..

Dünən “Rakow” – “Qarabağ” matçında başqa bir eybəcər hadisə də olmuşdu. Ola bilsin, çox adam həmin fraqmenti gördü, lakin ani bir epizod olduğundan, diqqətdən kənarda qalması normaldır.

Bəlkə də, mahiyyət etibarilə kimlərəsə çox adi, normal və xırda gələ bilər oradakı davranış. Lakin mən həmin fraqmental epizoddan sonra, oyuna birlikdə baxdığımız atama dedim ki, bax, mən də idmançı, futbolçu olmuşam, bu qədər əsəblə futbol oynanmaz. Görəcəksən, bu Elvin Cəfərquliyev bir “zibil qaynadacaq” indi. Qaynatdı da!

Bəli, doğru eşitdiniz – Elvin Cəfərquliyev!

İndi soruşacaqsınız ki, hansı fraqmental epizoddur bu. Deməli, ikinci hissə yeni başlayıb, hesab 0:0-dır, “Qarabağ”ın hücumda olduğu epizoddur. Hansısa əks-hücum vəziyyəti deyil. Rəqib tam heyətlə öz cərimə meydançası həndəvərindədir. Top sol cinahdan künc zərbəsi nöqtəsinə yaxın bir yerdə auta çıxır. Əslində, belə bir məqamda oyunun 5-10 saniyəlik ləngiməsi komandanın nəfəs dərməsi üçün lazımdı.

Bu an nə baş verir?

Bütün dünyanın izlədiyi (və ya izləyəcəyi) oyunun kameralarına, Elvin Cəfərquliyevin topdaşıyan uşağın üstünə acımasızca necə bağırması fraqmenti düşür. Bağıraraq topu ona tez atmasını tələb edir uşaqdan. Halbuki buna o qədər də gərək yox idi. Mən hələ ekran başında ola-ola Elvinin həmin an antropoloji olaraq aldığı əcaib və hürküdücü sifət cizgilərindən vahiməyə düşdüm, səsindən canımı qorxu aldı. Vallah insan səsi deyildi o səs.

Gəl indi, gör, orada xoş niyyətlə, məsum arzularla topdaşıyan funksiyasını icra edən körpə uşaq hansı təlaşı, qorxunu, hansı travmanı yaşayıb. Yəqin öz-özünə deyib: “…bu adam futbolçudur, yoxsa türmədən qaçmış canidir, qatildir?! Biz stadiondayıq, yoxsa küçədə, meşədəyik?!”

Buradan xitab edirəm. Elvin Cəfərquliyev, sən hələ uşaq ikən həyatında, bircə dəfə də olsun, topdaşıyan olmamısan heç? O hisləri yaşamamısan? Sənin üstünə, sənin polşalı uşağa qışqırdığın kimi qışqırsaydılar, nitqin batsaydı o an, ağlına ilk gələn nə olardı?

İşin ən maraqlı tərəfi odur ki, bu hadisə baş verməmişdən düz 25 dəqiqə əvvəl, birinci hissənin bitmə fiti çalınanda, qapıçımız Şahruddin qapının arxasında dayanan topdaşıyan uşaqların (gələcəyin potensial futbolçularına) başından öpüb, qucaqlayıb onlara top verirdi, azarkeşlərin gur alqışını qazanırdı, bax, o fraqmentlər də kameraya düşüb. Dünənki qarşılaşmadan biz futbolsevərlərə Şahruddindən miras qalan ən qiymətli hərəkət, hadisə o idi, desək yalan olmaz.

Kimsə unutmasın, iki saat ərzində futbol stadionunda baş verən hər bir detal “fair-play” qaydaları çərçivəsində qiymətləndirilə bilər. Az görməmişik axı futbolçuların futbol meydançasından kənarda dayanan insanlarla mərhəmətli və insani davranışları, sonradan trendə çevrilərək necə rəğbət qazandırıb həm komandaya, həm də bu davranışı ortaya qoyan futbolçulara, idmançılara.

Beləliklə, indi mən bu yazıyla, əslində, eyni komandanın (Sevimli “Qarabağ”ımız) iki futbolçusunun oyun zamanı mənəvi-psixi, ümumi psixoloji vəziyyətindəki fərqi izah etməyə çalışıram.

Təəssüf ki, dünən oyunun canlı yayımını həyata keçirən yerli TV kanalı təkrar epizodları göstərməkdə xəsislik edirdi (xüsusilə “Qarabağ”ın oyun içində bir çox epizodlarının təkrarı göstərilmirdi). Şübhə etmirəm ki, Çempionlar Liqası səviyyəsində TV-yayım edən hansısa başqa bir təcrübəli televiziya Elvin Cəfərquliyevin həmin fraqmentini təkrar-təkrar göstərərdi. Hətta yaddaşımda çox pis qalmış məlum fraqmenti növbəti gün trend də edə bilərdi.

Şahruddinlə Elvinin bir-birinin əksi olan məlum hərəkətinin müqayisəli şəkildə efirlərə verilməsi ehtimalını da nəzərdən qaçırmayaq. Bu da ola bilərdi, bəlkə də bir gün olacaq və bizi utandıracaqlar.

Elvin bizdən heç inciməsin, fəqət futbolçu, idmançı da bir şəxsiyyət kimi formalaşmalıdır, axı onlar nüfuzlu, tanınmış insan olaraq, həm də sabahın uşaqları, gələcək nəsillər üçün bir idman ustası kimi nümunə, örnək olmalıdırlar.

Bir daha təkrar deyirəm, ola bilsin, kimsə çıxıb desin ki, “..əşi olur da, insandı, futbolçudu, gərgin keçən oyunda bağıra da bilər, çığıra da bilər” və s. Mən belə baxmıram olaya. Kənarda işi top daşıyan olan, kənara çıxan topları oyuna qaytaran körpə uşaqlara çımxırmaq, vəhşi səslər çıxarıb, vəhşi görkəm alıb bağırmaq olmaz! Mütləq oyunu tapın və ikinci hissənin ilk 15 dəqiqəsi içində olan həmin epizoda bir daha baxın, nə demək istədiyimi anlayacaqsınız.

Yəqin özü etiraf edər, Elvinin dünən psixoloji durumu qaydasında deyildi, adamın gözləri, az qalsın, hədəqəsindən çıxırdı hər oyun epizodunda. Oyunun vacibliyi, gərginliyi, stressi, həyəcanı və bundan yaranan sərt, qəliz, fərqli emosional duyğular başqa, bu başqa…

Bundan da əlavə, bu qədər əsəblə, aşırı aqressiya ilə normal futbol oynanılmaz axı. Ki, sonu da avtoqolla nəticələndi, koordinasiya axsaqlığı, psixoloji gərginlikdən doğru qərar verə bilməmək adamın öz qapısına qol vurmasıyla bitdi. Gözgörəsi topu Şahruddinin qoltuğunun altından butsının ucu ilə qapıya itələdi.

Bu incə detalı gərək heç bir klub diqqətdən qaçırmasın və kollektivdə olan idmançılarla psixoloji söhbətlər zamanı bu nüanslar izah edilməlidir. Hamımız bilirik ki, idmançı tayfasının böyük əksəriyyəti kitabdan-elmdən uzaq düşmüş yabanı xarakterə malikdirlər. Kimsə onlara gərək bunları öyrətsin, izah etsin.

Haşiyə çıxaraq onu da vurğulamalıyam: fikir verirəm, azərbaycanlılar təkcə idmanda, futbolda aşırı əsəbi, aqressiv deyillər e, az qalsın, hər gün belə aqressiv görkəmlə, səslə, tonla, bağırtı ilə hər yerdə rastlaşırıq. Hamı ucdantutma əsəb, aqressiya, birini tutub iki cırmaq, döymək, öldürmək modunda, havasındadır elə bil. Nədir bu bəla biz yaşayırıq?! Əlbəttə, hamısı ciddi sosial-iqtisadi, sosial-təminat, sosial-məişət problemləri, çarəsizliklərindəndir.

Təbii ki, səbəbləri, haradan baxsaq, yenə də gedib köhnəlmiş və effektini çoxdan itirmiş dövlət idarəetmə sisteminə, mexanizminə çıxan bu zərərli aqressiya, əsəb, psixoloji pozuntular xalqımıza yaxşı heç nə vəd eləmir, axırımız müəmmalarla doludur, bəri başdan deyim.

Mirzə Rəşad Bakuvi

Exit mobile version