AUT.AZ

Qurban Qurbanov: “Azarkeşlərimizin narahatlığına ehtiyac yoxdur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində sabah “Rakuv”la qarşı keçirəcəyi oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Qısa danışacam. Ciddi rəqibə qarşı oynayacağıq. Düzdür, yanvarda bu komanda ilə Türkiyədə yoldaşlıq görüşü keçirdik. İndi komandada dəyişikliklər var, daha intizamlı və keyfiyyətli olublar. Sabah meydanda onları daha yaxından tanımaq üçün vaxtımız olacaq. Yaxşı oyun, yaxşı nəticə ilə azarkeşlərimizi sevindirməyə çalışacağıq. Meydandan mübarizəsiz çıxmayacağıq.

– Buna qədər Polşa komandalarına qarşı nəticələriniz uğurlu olub…
– Əvvəlki oyunlara necə ciddi yanaşmışıqsa, buna da elə yanaşırıq. “Rakuv”a qarşı hazırlamışıq. Statistikaları düşünmürük, bu, bizə mane ola bilər. Azarkeşlərimizi başa düşürük, istəyirlər ki, nəticələr yaxşı olsun. Sabah meydanda istər topla, istərsə də topsuz sona qədər diqqətli olmalıyıq.

– Kevin Medinanın durumu nə yerdədir?
– Hələ ki bizimlədir. Komanda ilə bir yerdədir və məşqlər edir. Hələ bizim oyunçumuzdur.

– “Rakuv”u Polşa çempionatında oyunu təxirə salınıb. Bu, onların oyuna ciddi yanaşdığını göstərir…
– Əvvəlki matçları nəzərə alsaq, komanda 3-4 gündən bir oyun keçirib. Növbəti çempionat görüşlərinin təxirə salınması rəqibin məsuliyyətindən, bizə ciddi yanaşmasından irəli gəlir. Federasiya da cavab qarşılaşmasının Bakıda olmasını nəzərə alaraq, “Rakuv”un müraciətinə müsbət cavab verib.

– Juninyo meydanda olacaq?
– Açığı, oynamaq ehtimalı azdır. Komanda ilə məşq etsə də, hazırlığı istədiyimiz səviyyədə deyil.

– Türkiyədə yoldaşlıq görüşündə qarşılaşdığınız rəqiblə indiki arasında nə fərqlər var?
– Komanda indi daha hazırlıqlıdır. Oyunlarını izləmişəm. Komanda daha yaxşıdır, meydanda bir-birini tamamlayan futbolçular var. Rəqib haqda məlumatlar toplaşmışıq. Maraqlı oyun olacaq. Bizə hansısa sürprizlər hazırlaya bilərlər. Hər şeyə hazırlıqlı olmalıyıq.

Exit mobile version