AUT.AZ

“Neftçi” Mahir Emrelini və “Qarabağ”ın bu futbolçusunu alır – Danışıqlar başladı

Yay transfer pəncərəsinə gec, amma aktiv qoşulan “Neftçi” bu istiqamətdə fəaliyyətini davam etdirir.

Aut.az-ın əldə etdiyi məlumata görə, klubdakı köklü islahatlar komandaya da təsir edəcək. Müşahidə Şurasının sədri və artıq əsas idarəedici olan Rövşən Nəcəf “ağ-qaralar”ın heyətinə əl gəzdirməkdə israrlıdır.

Paytaxt təmsilçisi daha 2 futbolçunu hədəfə alıb. Söhbət “Qarabağ”ın hazırkı futbolçusu Toral Bayramov və sabiq üzvü Mahir Emrelidən gedir.

Milli komandamızın üzvləri barədə məlumatlar baş məşqçi Adrian Mutuya təqdim edilib və onun razılığı alınıb. Futbolçularla artıq ilkin danışıqlar aparılıb.

Toral Bayramov çalışdırıcısı Qurban Qurbanov və klub rəhbərliyi ilə bu məsələni müzakirə etmək üçün vaxt istəyib. Çünki Ağdam təmsilçisi onu buraxmaqda maraqlı deyil.

Mahir Emrelinin durumu isə fərqlidir. 26 yaşlı forvard üzvü olduğu Zaqreb “Dinamo”sundan ayrılmağa hazırlaşır. O, Xorvatiya çempionunun gələcək planlarına daxil deyil. Mahir Avropada qalmağa çalışsa da, heç bir təklif almayıb. Əvəzində “Qarabağ” və “Neftçi” onun xidmətində maraqlıdır. İndi Emreli seçim qarşısındadır. Ya sabiq klubuna dönəcək, ya da “Neftçi” ilə yeni macəraya başlayacaq.

Aut.az

Exit mobile version