AUT.AZ

“Neftçi” ondan əl çəkmir: Danışıqlar bərpa olunacaq

Ötən gün Rusiya mətbuatı “Neftçi”nin “Ximki”nin futbolçusu Ayaz Quliyevin transfer etdiyi barədə xəbər yayıb.

Bildirilib ki, futbolç u ilə “ağ-qaralar” razılığa gəlsələr də, Rusiya təmsilçisi onu 600 min avrodan aşağı qiymətə buraxmaq istəyib. Bu məbləğ bakılıları qane etmədiyindən Ayazın keçidindən imtina ediblər.

Aut.az-ın məlumatına görə, “Neftçi” 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda israrlıdır. Ancaq klub ona görə Moskva təmsilçisinə yüksək məbləğdə ödəmək niyyətində deyil.

“Ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu futbolçunun transferinə “yaşıl işıq” yandırıb.  Bu o deməkdir ki, bu keçid üçün təmaslar davam edəcək. “Neftçi” rəhbərliyi bu yaxınlarda “Ximki”nin əsas sponsoru olan azərbaycanlı iş adamı Tufan Sadıqovla əlaqə qurub, bu məbləği yarıya qədər azaltmağa çalışacaq.

Ayazın özü Rusiya birinci divizionunda mübarizə aparan komandanın formasını geyinməkdə maraqlı deyil. O, sözügedən ölkənin əsas çempionatında oynamaqda və ya legioner həyatı yaşamaqda maraqlıdır. Rusiyadan kənarda onunla maraqlanan yeganə klub “Neftçi”dir.

Ayaz Quliyev “ağ-qaralar”la artıq anlaşıb, hətta tibbi baxışdan da uğurla keçib. Rusiya yığmasına lazım olmayan yarımmüdafiəçi Azərbaycanda yerli statusda oynamaq üçün milli komandamızda çıxış etməyə də müsbət yanaşıb.

Exit mobile version