AUT.AZ

Ukrayna “Neftçi” ilə bağlı bəyanat yaydı: Rusiya futbolu ilə istənilən əməkdaşlıq…

Ukrayna Futbol Assosiasiyası “Neftçi” (Bakı), “Srvena Zvezda” (Belqrad) və “Fənərbağça” (İstanbul) klublarının Rusiyada keçirilən yarışlarda iştirakını pisləyib.

Aut.az xəbər verir ki, federasiya bununla bağlı bəyanat yayıb. Bəyanat Ukrayna Futbol Assosiasiyasının rəsmi saytında dərc olunub:

“Ukrayna Futbol Assosiasiyası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində “Neftçi” (Bakı), “Srvena Zvezda” (Belqrad) və “Fənərbağça” (İstanbul) komandalarının iştirakını qətiyyətlə pisləyir. Bir daha Avropanın və dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada futbol həmişə yerli cinayətkar rejimin təbliğat vasitəsi kimi istifadə olunub.

Uzun illərdir ki, bu təbliğat və futbol onun ayrılmaz atributu kimi Ukraynaya qarşı işləyir və hər şeyi məhv etmək məqsədi güdür. Rusiya Futbol İttifaqı nə rus qoşunlarının Ukrayna ərazisinə ilk dəfə hücum etdiyi 2014-cü ildən, nə də genişmiqyaslı işğalın başladığı 2022-ci il fevralın 24-dən sonra Rusiyanın kriminal avtoritetlərinin hərəkətlərini pisləmir. Bütün bunlar Rusiya Federasiyasının Ukraynaya qarşı törətdiyi bütün cinayətlərə səssiz dəstək kimi şərh edilə bilər.

Rusiya Futbol İttifaqı, digər klublar, o cümlədən turnirin təşkilatçısı olan “Zenit” (Sankt-Peterburq) Rusiya Federasiyasının büdcəsinə vergi ödəməkdə davam edir və buna görə də terrorun sponsorlarıdır.

Xatırladaq ki, Rusiya ATƏT Parlament Assambleyası, Avropa Parlamenti və NATO Parlament Assambleyası tərəfindən terrorizmin sponsoru kimi tanınır və Haaqa Beynəlxalq Cinayət Məhkəməsi terrorçu ölkənin lideri Vladimir Putinin həbsinə order verib.

Ukrayna Futbol Assosiasiyası dəfələrlə UEFA-ya, FİFA-ya, Avropa və dünyadakı futbol ictimaiyyətindən olan bütün tərəfdaşlarımıza Rusiyaya səfərlərin və yarışlarda iştirakın qarşısını almaq üçün müraciət edib.

Çünki Rusiya futbolu ilə istənilən əməkdaşlıq və terrorçu ölkənin ərazisinə səfərlər onun diqqətini Ukraynaya qarşı soyqırımdan yayındırmağa kömək edir”.

Aut.az

Exit mobile version