AUT.AZ

Musanı İsveçdə nə gözləyir? – “Yurgorden”i tanıyan “Qarabağ”lı kartları açdı

Musa Qurbanlı karyerasını İsveçdə davam etdirəcək. Bu ölkənin yüksək liqasında mübarizə aparan “Yurqorden” Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu ilə yaxın günlərdə müqavilə bağlayacaq.

Uzun illərdir İsveçdə yaşayan, vaxtilə “Fərid”, “Dinamo”, “Qarabağ”, “Bakılı” kimi komandaların şərəfini qoruyan Yalçın Bağırov bu kluba yaxınlığı ilə seçilir.

Bağırovla əlaqə saxlayıb, həm “Yurqorden” haqda müəyyən məlumatlar əldə etdik, həm də Musanın Skandinaviya ölkəsində özünü göstərmək perspektivi barədə soruşduq.

– Musa Qurbanlı karyerasını İsveçdə davam etdirəcək. Yəqin ki, xəbəriniz var.

– Dünən bu barədə saytlardan oxudum. Düzdür, hələ ki, burada transferlər bağlı rəsmi xəbər verməyiblər. Mətbuata çıxıbsa, deməli, doğrudur.

– Xəbəri necə qarşıladınız?

– Açığı, futbolumuz və ölkəmiz adına çox sevindim. Desəm ki, Musanın oyunlarına baxmışam, oyununa tam bələdəm, yalan olar. Müəyyən görüntüləri izləmişəm. Hiss olunur ki, əzmkar və qol imkanlarını dəyərləndirə bilən hücumçudur. “Yurqorden”in skautları gözüyumulu iş görmür. Əminəm ki, izləyiblər, araşdırıblar. Allahın köməkliyi ilə həm özü, həm də futbolumuz üçün xeyirli olar.

– “Yuroqrden” necə klubdur? İsveçdə necə tanınır?

– Klubun zəngin tarixi var. Özüm də dəfələrlə bazalarında olmuşam. İdman direktoru və məşqçilər heyəti ilə əlaqəm var, bəzi futbolçularla şəxsən tanışam. “Yurqorden” İsveçdə mümkün titulların hamısına nail olub. Bazaları mükəmməldir. İnşallah, bir gün yolunuz düşəndə canlı görərsiz. Ya da Musadan soruşarsız, sizə deyər. Tək bu klubun yox, ümumi İsveç klublarının üstünlüyü ondadır ki, Avropa klubları buradakı futbolçuları diqqətdə saxlayır. İllər öncə buradan Bakıya apardığım gənc futbolçulardan ikisi hazırda “Yurqorden”də əsas heyətdə çıxış edir.

– Yəni, Musa özünü yaxşı tərəfdən göstərsə, aparıcı Avropa klublarına keçə bilər?

– Əlbəttə. Uzağa getməyə gərək yoxdur. Bir neçə gün əvvəl “Yurqorden” əsas hücumçularından birini – Viktor Edvardseni çox yaxşı məbləğə Niderland klubuna satdı (“Go Ahead Eagles” klubuna – H.). “Yurqorden” üçün vacib hücumçu idi, bu il milliyə də çağırılıb. Musanı da, çox güman, onun yerinə alıblar. İsveç millisinin futbolçularının böyük əksəriyyəti Avropanın müxtəlif ölkələrində top qovur. Hamısını buradan izləyib, tapıb, aparıblar. İngiltərə, Almaniya, Belçika, Niderland klublarının skautları Allsvenskanı (İsveçin əsas liqası – H.) diqqətdə saxlayır.

– Klubun büdcəsi necədir? İmkanlı klub sayılır?

– Açığı, konkret rəqəm deyə bilməyəcəm. Amma futbolçuların səviyyəsinə, yaradılan şəraitə əsasən İsveçdə ilk 5-likdə olduqları dəqiqdir. Yəni, kasıb klub deyil.

– Əsas sual – Musanın oynamaq şansı, “11-lik”də möhkəmlənmək imkanı.

– Musa üçün burada asan olmayacaq. Bildiyiniz kimi, hazırda çempionat davam edir və futbolçular komandaya tam uyğunlaşıb. “Yurqorden”i yaxından tanıyan biri kimi deyə bilərəm ki, əsas heyətə düşmək uğrunda ciddi rəqabət var. Hücum xəttində həm təcrübəli, həm də gənc futbolçulara sahibdirlər. Komandanın özü də formadadır, çempionatda inamla irəliləyir. Musa millinin futbolçusudur, “Qarabağ” kimi uğurlu komandadan gəlib, pul verib alıblar deyə oynamalıdır – İsveçdə belə şey yoxdur. “11-lik”dəki yerini haqq etməlidir, məşqlərdə digərlərindən üstün olduğunu göstərməlidir. İlk 6 ay, uzağı 1 il onun üçün çətin olacaq. Yeni mühitdir, yeni komandadır, gənc yaşda legioner həyatı yaşamağı qərara alıb – bu kimi məqamlar istər-istəməz özünü göstərəcək. Şans qazandığı matçlarda etimadı doğrulda bilsə, qapılar üzünə açılacaq. İnşallah, müqavilə bağlasın, özüm də gedib görüşəcəm, böyük qardaş, əmi kimi tövsiyələrimi verəcəm. Nəyəsə ehtiyacı olsa, biz buradayıq. Əsas odur ki, diqqətini futbola versin.

– 21 yaşda evdən, ailədən çox-çox uzaqda yaşayacaq. İsveçdə nəyə diqqət yetirməlidir, özünü nələrdən, kimlərdən qorumalıdır?

– Az öncə dediyim kimi, diqqətini yalnız və yalnız futbola verməlidir. Burada rejim çox vacibdir. Çünki, güc futboluna üstünlük verilir, fiziki hazırlıq önəmlidir. Bunun üçünsə yatıb-durmaq, qidalanmaq vaxtına fikir verməlidir. Gecə klublarından, əyləncədən uzaq durmağın vacibliyini deməyə gərək yoxdur. Bildiyimə görə, bu cür şeylərdən uzaq durur. İşləməlidir, rejimə fikir verməlidir, məşqlərdə can qoymalıdır. Fürsətdən istifadə edib, Musaya İsveç karyerasında uğurlar arzulayıram. İnşallah, ən qısa zamanda onu İngiltərə, Almaniya kimi ölkələrin çempionatında izləyərik. (Sportinfo.az)

Exit mobile version