AUT.AZ

Rövşən Nəcəfin “Neftçi” vasitəsilə Azərbaycana vurduğu zərbə

Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkənin idman təsərrüfatı sanksiyalar məruz qaldı. Rusiya klubları bütün beynəlxalq yarışlardan uzaqlaşdırıldı. İndi Rusiya yığması və klubları yoxlama görüşləri keçirmək üçün də rəqib tapa bilmirlər. Yalnız Rusiyanın işğalçı siyasətini dəstəkləyən bəzi ölkələr istisnadır. Məsələn, Ukrayna müharibəsində Rusiyaya dəstək verən İranın futbol yığması bu ölkənin millisi ilə qarşılaşdı.

Rusiya klubları ayrı-ayrı ölkələrin komandaları ilə görüşlər planlaşdırsa da, sonra ciddi təzyiq nəticəsində bu görüşlərdən imtina edilir.

Qış fasiləsi zamanı təlim-məşq toplanışında olan Rusiya klubları qarşılaşmağa komanda tapa bilmirdilər. Amma Rusiya yetkililəri də dayanmırlar. Müəyyən vasitələrlə hansısa turnirlər təşkil etməyə, o turnirlərə özlərinə yaxın ölkələrdən komandalar dəvət etməyə cəhd göstərirlər.

Çox təəssüf ki, Rusiyanın “toruna” düşənlərdən biri də Azərbaycanın “Neftçi”si olub. Daha doğrusu, “Neftçi”ni bu “tora” sürükləyənlər olub.

Azərbaycan bu münaqişənin ilk günüdən açıq şəkildə bəyan edib: Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Təbii ki, torpaqları 30 il ərzində işğal altında qalan bir ölkənin başqa mövqeyi ola bilməz. Azərbaycan dövləti, şəxsən Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya hər cür maddi və mənəvi yardım da göstərir. Bunu Ukrayna rəsmiləri də dəfələrlə etiraf edib, Azərbaycana təşəkkürlərini də çatdırıblar.

Belə bir məqamda “Neftçi”nin Rusiyada keçirilən turnirə qatılması birmənalı qəbul edilə bilməz.

“Ağ-qaralar” əvvəlcə Sankt-Peterburqda “Zenit”in iştirakı ilə keçiriləcək turnirdə oynayacaq, daha sonra isə Moskvaya yollanıb “Spartak”la qarşılaşacaq.

Aydın məsələdir ki, “Neftçi”nin bu səfəri birmənalı qəbul edilməyəcək, Azərbaycan tənqid hədəfinə tuş gələcək. İndiki həssas geosiyasi durumda bu səfəri kim təşkil edib, buna kim icazə verib?

“Neftçi”nin əsas sponsoru SOCAR-dır. “Zenit”in əsas sponsoru isə “Qazprom” şirkətidir. Moskva “Spartak”ının himayəçisi isə “Lukoyl”dur.

Deməli, iz SOCAR-a gedib çıxır. Daha doğrusu SOCAR-ın prezidenti Rövşən Nəcəfə. Böyük ehtimalla, “Neftçi”nin səfəri “Qazprom” və “Lukoyl” rəhbərliyinin təşəbbüsü, Rövşən Nəcəfin göstərişi ilə planlaşdırılıb. Amma nəzərə alınmayıb ki, Rusiya şirkətləri bu turniri təşkil etməklə blokadadan çıxmağa çalışırlarsa, “Neftçi” bu turnirə qatılmaqla ölkənin beynəlxalq alımdəki imicinə zərbə vurmuş olur. Ola bilsin ki, Rövşən Nəcəf siyasi masada naşıdır. Naşıdırsa, ona bu yöndə məsləhət vermək vacibdir. Çünki ölkənin imicinə vurulan zərbəni bərpa etmək o qədər də asan deyil.

Onu da qeyd edək ki, Sankt-Peterburqdakı turnirə “Neftçi”dən savayı “Fənərbağça” və Serbiya “Srvena Zvezda”sı da qatılacaq.

“Zenit” bu yaxınlarda İstanbulda “Fənər”lə xeyriyyə oyunu keçirib. Yəni “Fənər” o borcu qaytarır. “Srvena Zvezda” isə Rusiyanın ən yaxın müttəfiqi olan, Ukrayna müharibəsində Kremli dəstəkləyən ölkənin təmsilçisidir. Yəni hər birinin öz marağı var. Bəs “Neftçi”nin hansı marağı var? Qoy bu suala SOCAR rəhbərliyi cavab versin.

Aut.az

 

 

 

Exit mobile version