AUT.AZ

Bir istefanın detalları: Qovulan Gündüz Abbaszadədir, vurulan Qurban Qurbanov

Hər nə qədər həm Gündüz Abbaszadə, həm də “Qarabağ” rəhbərliyi “qarşılıqlı razılıq əsasında ayrıldıq” desələr də, burada nəhəng intriqanın olduğu bəllidir.

“Qarabağ”da intriqanın olması isə təkcə bu klub yox, bütövlükdə Azərbaycan futbolçu üçün təhlükə vəd edir.

Gündüz Abbaszadə ilin-günün bu vaxtında niyə ayrılsın? Və ya onu niyə qovsunlar? Mətbuat xidməti “Qarabağ”da işini peşəkarcasına görən struktur olub: istər Nurlan İbrahimovun vaxtında, istərsə də Gündüz Abbaszadənin dönəmində. O da heç kəsə sirr deyil ki, bu iki şəxs Qurban Qurbanova sadiq adamlar sayılıblar. Yəni Qurban Qurbanovun kadrı hesab olunublar.

Gündüz Abbaszadənin qəfil gedişi nəyin əlaməti ola bilər? Onun “qarşılıqlı razılıq” əsasında yola salınmasından bir neçə gün əvvəl “Qarabağ”da daha bir istefa baş vermişdi.

“Qarabağ”ın aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğan klubdan ayrılmışdı. “Qarabağ”ın uşaq futbolu ilə bağlı mütəmadi narazılıq olub cəmiyyətdə. Heç kimə sirr deyil ki, Qurban Qurbanov da uşaq futbolunda dəyişikliyin tərəfdarı idi.

Tacəddin Doğanın gedişi, onun yerinə Aftandil Hacıyevin gətiriləcəyi ilə bağlı xəbərlərin yayılması uşaq futbolundakı dəyişikliyin Qurban Qurbanovun tələbi ilə olduğunu deməyə əsas verir.

Amma “Qarabağ”da hər kəs Qurban Qurbanovun dediyi ilə razılaşırmı, onun islahatlarını dəstəkləyirmi? Qətiyyən! Ona görə də digər qrup buna cavab verməliydi. Verdilər də. Gündüz Abbaszadə – Qurban Qurbanova yaxşın şəxs qovuldu. Gündüz qovuldu, Qurban vuruldu. Qurban Qurbanova qarşı olan qüvvə sakitləşəcək? Qətiyyən. Qorxulusu odur ki, bir gün bu intriqalardan Qurban Qurbanov da bezəcək və “Qarabağ”dan gedəcək. Hadisələrin axarı göstərir ki, o gün uzaqda deyil. Onda itirən təkcə “Qarabağ” olmayacaq, elə bütün Azərbaycan futbolu itirəcək.

“Qarabağ”dakı qruplaşmalar isə ayrıca yazının mövzusudur.

Aut.az

 

 

 

 

 

Exit mobile version