Meydanda olmaq bundan asan idi. Qıraqda daha çox həyəcan keçirirdim. Sağ olsun uşaqlar. İlk dəqiqələrdən gözəl nümayiş etdirdilər. Məncə, layiqli qələbə qazandıq.
Bu sözləri Aut.az-a açıqlamasında ötən gün tarixində ikinci dəfə Azərbaycan kubokunun qalibi olan “Qəbələ”nin kapitanı Asif Məmmədov deyib. Mövsümün sonunda ağır zədə aldığı üçün komandasına kömək edə bilməyən 36 yaşlı yarımmüdafiəçi bu görüşü tribunadan izləyib. Buna baxmayaraq mükafatlandırma mərasimində titul ona təqdim edilib:
Bu hissləri demək çox çətindir. Əsas da oyunun sonlarına yaxın çox həyəcanlandım. İnanırsız, baş verənlər tam yadımda deyil. Özümü çox itirmişdim. “Qarabağ”ı udandan sonra bu uğuru gözləyirdim. Titula ümidim böyük idi. Bu, bəlkə də mənim axırıncı kubok qaldırmağımdır. Ona görə mənim üçün xüsusi idi.
“Qəbələ” ilə müqaviləsi başa çatan Məmmədov yeni sözləşmə imzalayacaqlarını da açıqlayıb:
İnşalah komandada qalacam. Zədəmin vəziyyəti elədir ki, ilk mərhələlərdə oynaya bilməyəcəm. Komandamız İrəliləsə, sonradan onlara qoşula bilərəm.