AUT.AZ

Rövşən Nəcəfi “Neftçi”də aldadıblar, yoxsa özü aldanıb?

SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Neftçi”nin Müşahidə Şurasında sədrliyə gəlişindən sonra komandanın büdcəsinin xeyli artacağını, iddialı transferlərin ediləcəyi ilə bağlı hələ ötən ilin noyabr ayında məlumat vermişdik.

Artıq “Neftçi”nin prezidenti Kamran Quliyev bunu rəsmən təsdiq edib. O, mətbuata verdiyi açıqlamada yeni transferlərin olacağını, iddialı komanda quracaqlarını bildirib.

Aut.az-ın xəbəri tam doğruldu! Əla! Amma işin başqa tərəfi də var axı.

“Neftçi”nin azarkeşləri komandada dəyişikliyi səbirsizliklə gözləyirlər. Onlar da “Neftçi”nin iddialı olmasını istəyirlər. Amma azarkeşlər ilk dəyişikliyin məhz rəhbər şəxslərdən – konkret olaraq Kamran Quliyevdən başlamasını istəyirdilər. Heç kəsə sirr deyil ki, “Neftçi”nin son illərdəki uğursuzluğunun birbaşa baiskarı məhz Kamran Quliyevdir.

Quliyev bildirib ki, ən azı 7-8 transfer olacaq. Yəni mövsümün əvvəlində edilən transferlər yola salınacaq. Yəni “Neftçi”də pul çoxalacaq, amma sistem dəyişməyəcək.

Axı bu 7-8 futbolçunu transfer edəndə Kamran Quliyev eyni vədləri verirdi, “komanda iddialı, səviyyəli olacaq” deyirdi.  Amma olmurdu. “Neftçi”də az qala hər 6 aydan bir 7-8 legioner yola salınır, bir o qədər də gətirilir. Az qala ildə bir dəfə baş məşqçi dəyişir. Amma dəyişməyən iki şey var: Bir nəticə, bir də Kamran Quliyev.

Görünür SOCAR prezidenti Rövşən Nəcəf də onunla işləməyə üstünlük verəcək.

İndi sual yaranır: Rövşən Nəcəfi aldadıblar, yoxsa özü aldanmağa meyillidir.

Birinci detal: Yəni Rövşən Nəcəfi inandırıblar ki, vəsait artdıqdan sonra Kamran Quliyev yüksək səviyyəli komanda qura biləcək. Belədirsə, “Neftçi” azarkeşlərinə bunu deyə bilərik: Sizin bəxtiniz yenə də gətirmədi. SOCAR-ın prezidenti çox sadəlövh adamdır.

Amma gəlin bu versiyaya inanmayaq. Rövşən Nəcəf sadəlövh adam olsaydı, siyasi intriqaların arasından sağ-salamat çıxıb SOCAR prezidenti ola bilməzdi.

İkinci detal: Rövşən Nəcəf özü aldanır. Yəni nəyin və kimin necə olduğunu çox yaxşı bilir. Ona Kamran Quliyev kimi şəxslə işləmək sərfəlidir. Adam “çirkli vəsait”i yumaq üzrə peşəkar sayıla bilər. Belə kadrdan isə heç kim imtina etməz. Və yenə də “Neftçi” azarkeşlərinə “sizin bəxtiniz gətirmədi” deməliyik.

“Neftçi”nin bəxti o vaxt gətirəcək ki, neft gölməçəsindən çıxsın. O gölməçədə bilirsiniz nə qədər pul var? Düzdür, bir az çirklidir, amma onu “yuyan” kadrın varsa…

Natiq Muxtarlı

Exit mobile version