Azərbaycanın idman jurnalistləri iddia ediblər ki, bu mövsümün ən uğurlu komandası “Neftçi”dir. Ona görə də “Neftçi”nin oyunçusu Emin Mahmudovu “mövsümün futbolçusu” seçiblər. Əla! Amma nədənsə Əmrah Çəlikəli də “mövsümün klub funksioneri” hesab ediblər. Məntiqlə Kamran Quliyevi seçməliydilər axı.
Nə, məntiq? Vaxt olub ki, bu jurnalistlər Azərbaycan çempionatında sonuncu pilləni tutan komandanın üzvünü ilin futbolçusu seçiblər. Yadınıza düşər, “Xəzər Lənkəran”ın can verdiyi vaxtda Rahid Əmirquliyevi hamıdan yaxşı hesab etmişdilər bizim jurnalistlər. Nəyə görə? Yəqin ki, komandası sonuncu pillədə olduğuna görə. Ona görə də Emin Mahmudov seçiminə “buna da şükür” deməliyik.
Məsələn, “Səbail”in, “Şamaxı”nın da futbolçusunu seçə bilərdilər. Onlara baxanda “Neftçi” nəsə qazanıb axı. Heç olmasa 3-cü yeri tutub çempionatda, Konfrans Liqasında oynayacaq. Bay, lap yadımızdan çıxmışdı, “Neftçi” Azərbaycan kubokunun finalına da vəsiqə qazanıb axı.
Böyük ehtimalla, jurnalistlərimiz “Neftçi”nin finalda qalib gələcəyini, mövsümü titulla bitirəcəyini bilirlər. Ona görə də Emin Mahmudova səs veriblər.
Bizim jurnalistlərə şəkk etməyin, onlar hər şeyi bilirlər.
Aut.az