AUT.AZ

Şeydayev “Qarabağ”dan getdi, Qurban Qurbanovla qucaqlaşıb ayrıldılar

“Qarabağ”ın hücumçusu Ramil Şeydayev komandadan ayrılıb.

Bu barədə Aut.az-a Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib. Qurbanov çempionluq kuboku təqdim olunandan sonra 27 yaşlı forvardı qucaqlaması haqda danışarkən onunla vidalaşdığını bildirib. 51 yaşlı mütəxəssisin sözlərinə görə, Ramil karyerasını ölkə xaricində davam etdirəcək:

“Bəli, daha çox vida görüşünə oxşayırdı. Anidən olan bir şey idi. Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudur. Bəlkə də üzdən görünmür, Ramil çox vətənpərvər biridir. O, azərbaycanlılara çox böyük dəyər verir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun. Milli komandaya kimi biz onunla “Qarabağ”da bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür elədik. Bizim söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə o məndən. Sadəcə bəzən elə nüanslar olur ki, biz buna hazır olmalıyıq. Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakteri olan birini böyük ehtiramla başqa ölkəyə yola saldıq. İkimiz də duyğulandıq”.

Qeyd edək ki, Ramil Şeydayevin Taiandın “Buriram Yunayted” klubuna keçəcəyi gözlənilir.

Exit mobile version