AUT.AZ

Qurban Qurbanovun bir baxışı ona bəs edir: Musa Qurbanlının maaş kartı kimdə olur? – MÜSAHİBƏ

Musa Qurbanlı – insanlar onu daha çox Azərbaycan futbolunun canlı əfsanəsinə çevrilən baş məşqçisi Qurban Qurbanovun oğlu kimi tanıyır. Ancaq 21 yaşlı Musa da futbolumuzun parlayan ulduzlarından biridir. Yəni təkcə atasına görə tanınmır.

Bu mövsüm “Qarabağ”ın heyətində sərgilədiyi oyun onunla bağlı böyük ümidlərin yaranmasına səbəb olub. Gənc forvard Premyer Liqanın bombardilərindəndir, milli komandanın üzvüdür və qol hesabını da açmağı bacarıb. Nəticədə Avropa klublarının transfer siyahısında yer alıb.

Son zamanlar ictimaiyyətdə ona böyük maraq var. Aut.az xəbər verir ki, Publika.az bu məqamı nəzərə alaraq futbolumuzun gələcəyi hesab edilən Musa Qurbanlı ilə həmsöhbət olub. Redaksiyamıza təşrif buyuran Musa bir sıra maraqlı açıqlamaları ilə yadda qaldı. Hansı ki, onları ilk dəfə oxuyacaqsınız. O, hətta şəxsi sualları belə səmimi şəkildə cavablandırdı.

“Fərqində olmadan, bunu atamdan götürmüşəm”

– Müsahibələrinə qulaq asmışam, sözün həqiqi mənasında təəccüblənmişəm. Çox səlis nitqin var. Söz bazan çox zəngindir. Musa Qurbanlı nə oxuyur ki, nitqi bu qədər mükəmməldir?

– Deməzdim ki, həddindən çox kitab oxuyuram. Arada-sırada olur. Daha çox detektiv janrda olan əsərlər xoşuma gəlir. Boş vaxtım olduqda və maraqlı kitab tapdıqda, oxumağa çalışıram. Yəqin ki, bunun bir səbəbi orta məktəbdə bağlıdır. Pis oxumamışam, məktəbi yaxşı bitirib universitetə daxil olmuşam. Bu söhbəti açdınız, indi yadıma düşdü. Bizim sinif rəhbərimiz vardı, tarix müəllimi idi, Elmin müəllim. O, bilirdi ki, futbolla məşğulam. Mənə həmişə deyərdi ki, futbolçularda nitq çox vacibdir. Çünki göz qabağında olursunuz, çox müsahibələr alırlar sizdən, istər-istəməz nitqiniz yaxşı olmalıdır. İndi xatırladım, Elmin müəllimə də salam göndərmək istəyirəm. Özünün də çox yaxşı nitqi var idi. Çalışırdım ona baxım öyrənim. O, həmişə xarici, türk futbolçuları mənə misal gətirirdi ki, bizdən fərqli olaraq baxın, necə gözəl nitqləri var. Deməzdim ki, nitq qabiliyyətimi təkmilləşdirmək üçün xüsusi nəsə etmişəm, yox, əsasən öz-özünə belə alınıb.

– Nitq qabiliyyətin mükəmməl olmaqla yanaşı, jurnalistlərin suallarına diplomatik cavablar verirsən. Cavablarına baxdıqda Qurban Qurbanov yada düşür. O da suallara həmişə diplomatik cavab verir. Bu diplomatiyanı Qurban Qurbanovdan götürübsən?

– Təbii olaraq, istər-istəməz ondan götürülüb. Çünki atamın müsahibələrini oxumuşam, dinləmişəm. Ola bilər ki, mən özüm də fərqində olmadan, bunu ondan əxz etmişəm.

“Özümü onlarla müqayisə edə bilmərəm”

– Musa cəmiyyətlə, media ilə münasibətdə Qurban Qurbanovdur. Bəs meydanda kimdir? Oyun stilin daha çox Qurban Qurbanova yaxındır, yoxsa Musa Qurbanova?

– Açığı, onların oyunlarına çox baxmamışam. Kadrlar tam olaraq yoxdur. Bəzi hissələri “Youtube”da görmüşəm. Daha çox atamın videolarına baxmışam. Əmimin oyun kadrlarını görməmişəm. Ətrafdan, onların oyunlarını görənlərdən eşitdiyimə görə, mənim tərzimi, daha çox əmimin oyun stilinə bənzədirlər. Onları cavanlıqda görübsünüz, yəqin bu suala siz daha yaxşı cavab verə bilərsiniz.

– Bəli, görmüşəm sənin oyununu daha çox Musa Qurbanovun oyun tərzinə bənzədirəm. Qurban Qurbanov müsahibələrindən birində demişdi ki, Musa Qurbanov məndən yaxşı futbolçudur. Necə hesab edirsən, o, gələcəkdə “Musa Qurbanlı da məndən yaxşı futbolçudur” deyəcək?

– Bildiyim qədər onlar fiziki baxımdan məndən daha üstün olublar. Daha sürətli, cəld olublar. Amma atam həmişə deyir ki, mən sürətdə üstün olsam da, sənin bəzi xüsusiyyətlərin var ki, onlar bizdə olmayıb. Sadəcə bu qədər bilirəm. Mənim onlara çatmağıma hələ çox var. Qurban Qurbanov Azərbaycan millisinin bombardiridir. Qarşımda hələ uzun yol var ki, onlarla özümü müqayisə edə bilim. İndiki vəziyyətdə özümü onlarla müqayisə edə bilmərəm. Hələ o səviyyədə deyiləm.

– Qurban Qurbanovdan “Musa Qurbanlı məndən yaxşı futbolçudur” etirafını almaq üçün sənin nəyə ehtiyacın var?

– Yenə deyirəm, mən hələ onun səviyyəsinə gəlib çatmamışam. Ki, onunla özümü müqayisə edim. Təbii ki, onunla müqayisə olunmaq üçün çox şey etməliyəm. Ən azı özüm üçün çox yaxşı karyera qurmalıyam. Onun karyerasına baxdıqda, görərik ki, neçə dəfə çempionluq yaşayıb, çempionatda bombardir olub, ölkə xaricində özünü yaxşı tərəfdən sübut edib. Çox nailiyyətləri olub. Mən hələ yolun başlanğıcındayam. Mənim hələ böyük nailiyyətlərim yoxdur. Hələ çox şey etməliyəm.

“Zamanı gələndə, bunu mənə açıqlayacaq”

– Bizdə 25-26 yaşlı futbolçuya “gənc” deyirlər. Amma Avropada belə yanaşma yoxdur. 21 yaşlı futbolçu “Qızıl top”a namizəd göstərilirsə, deməli, 25-26 yaş gecdir. Sənin də 21 yaşın var. Hesab eləmirsən ki, artıq vaxtdır…

– Düzdür, ola bilər bir az gənc sayılım. Amma artıq özümə gənc gözü ilə baxmaq istəmirəm. Biz o zaman gənc hesab edilirdik ki, tam oynamırdıq, yüksək liqada elə də oyunlarımız yox idi. Mən, Elvin Cəfərquliyev və Toral Bayramov – biz birlikdə əsas komandaya yüksəlmişik. Düzdür, bizə hələ də gənc gözü ilə baxırlar. Amma biz özümüzə o gözlə baxmamalıyıq. Çünki özümüzə gənc kimi baxdıqda, bu, bizi rahatlaşdıra bilər ki, hələ vaxtımız var. Amma meydana çıxanda o biri futbolçulardan heç bir fərqimiz olmur. Eyni meydanda oynayırıq, nəticə verməliyik, hamımız əlimizdən gələnin maksimumun eləməliyik. Meydana çıxanda özümüzü gənc kimi hiss etməməliyik. Bu, bizim inkişaf etməyimizə daha çox kömək edər.

– Futbol ictimaiyyəti hesab edir ki, Musa artıq xaricə getməlidir. Ailədə buna qarşı olan var? Bununla bağlı hansısa qadağa mövcuddur? Söhbət olub ki, Musa burada qalsın, gözümüzün qabağında oynasın?

– Elə söhbət olmayıb. Belə qadağa yoxdur. Atam onsuz da futbolun içindədir. O, hər halda, zamanı bilir. İstəyər ki, mənim karyeram üçün ən yaxşısı nədirsə, o da olsun. Zamanı gələndə, bunu mənə açıqlayacaq.

– Azərbaycanlı futbolçuların xaricə çıxmasında böyük çətinliklər var. Bu, bir sıra problemlərlə bağlıdır. Mahir Emreli müsahibələrinin birində demişdi ki, Azərbaycanda uşaq futbolunda öyrənməli olduğum şeyləri indi Polşada öyrənirəm. Sən xaricə gedəndə eyni problemlə üzləşməyəcəksən?

– Ümid edirəm ki, üzləşmərəm. Amma getmədiyimə görə dəqiq bir söz deyə bilmərəm. Bu fikirlə razı olmaq üçün gərək mən də belə bir vəziyyəti görmüş olum. Belə baxsaq, görərik ki, onların uşaq futbolunun səviyyəsi bizimlə bir deyil. Onlar uşaq yaşlarından futbola peşəkar yanaşırlar. Beynəlxalq çempionatlarda, turnirlərdə çıxış edirlər. Halbuki bizdə o qədər də imkan yoxdur. Yalnız milli komandalarda beynəlxalq oyunlar oynayırsan. O da 16-17 yaşına çatanda baş verir. Bu da gec olur. Amma xaricdəki uşaqlar 9-10 yaşından beynəlxalq oyunlarda iştirak edirlər. Onların nə qədər məşqçiləri, həkimləri, fiziki hazırlıq üzrə məşqçiləri var. Şəraitlər arasındakı uçurum böyükdür. Buna görə də belə problemlərin olması normaldır.

“Həyatda da onların məsləhətləri mənə lazım olacaq”

– Ola bilməz ki, Musa Qurbanlıya maraq olmasın. Deyə bilərsənmi ki, hansı klubdan və liqadandır? Özünü yaxşı tərəfdən hansı çempionatda göstərə bilərsən?

– Maraqlanan var, olması da normaldır. Gənc futbolçuyam, bu mövsüm elə şərait yaranıb ki, çempionatda qollar vurmuşam. İstər-istəməz maraqlanan var. Bunu ümumi olaraq bilirəm. Hansısa klubla konkret danışıqlar aparmadığımız üçün deyə bilmərəm ki, bu klubdan və ya çempionatdan maraqlanan, transfer etmək istəyən var.

Fikriləşirəm ki, Mərkəzi Avropa ölkələrinin çempionatları inkişaf üçün daha yaxşıdır. Çünki Avropanın içində, top liqalara yaxın olursan. Ona görə bu çempionatlarda oynamaq istəyərdim.. Əlbəttə ki, legioner həyatı yaşayası olsam, hansısa kluba kor-koranə getmək olmaz. Məndən öncə atam və əmim analiz edəcəklər ki, hara, necə kluba gedirəm, hansı sistemlə oynayırlar, uyğun olar, ya olmaz. Ona görə də bu barədə narahatlığım yoxdur.

– Yəni bütün qərarları atan və əminin məsləhətləri ilə verəcəksən. Ölkədən neçə yaşında çıxmaq istədiyini konkretləşdiribsən?

– Belə fikrim var. İnkişaf etmək üçün ən birinci addım elə budur. Amma məsləhətli olmalıdır. Çünki onlar neçə ildir futbolun içindədirlər, təcrübələri məndən qat-qat çoxdur. Özbaşına hansısa qərarı vermək istəmərəm. Əlbəttə ki, mənim də fikrim, qərarım olmalıdır. Son nəticədə bunu həyata keçirəcək şəxs mənəm. Amma yenə məsləhət olmalıdır. Təkcə futbolda deyil, həyatda da həmişə onların məsləhətləri mənə lazım olacaq.

“Neftçi”yə həmişə minnətdaram”

 “Neftçi”nin yetirməsisən. Həyat elə gətirdi ki, Premyer Liqadakı ilk qolunu noyabrın 8-də, Şuşanın işğaldan azad edildiyi tarixi gündə elə bu komandaya vurdun. Həmin an hansı hissləri keçirdin?

– Həmin oyuna kimi “Neftçi” ilə çox görüşlərimiz olmuşdu. U-19 və əvəzedici komanda ilə keçirdiyimiz qarşılaşmalarda fərqlənmişdim. Bu oyuna çıxanda ağlımda elə bir şey yox idi. Fikirləşməmişdim ki, qol vursam, sevinərəm, ya yox. Dediyiniz kimi, birinci qolum idi. Bunun ab-havasında idim. Bir neçə il “Neftçi”də oynamışam, bu klubun mənim üzərimdə zəhməti var. O kluba həmişə minnətdaram. Qol vuranda da emosiyalarıma hakim idim, çılğıncasına sevinmədim.

– Ölkə çempionatında qolları sıralayırsan, amma avrokuboklarda hələ siftə edə bilməyibsən. Bunu nə ilə əlaqələndirirsən? Ümumiyyətlə avrokuboklarla Azərbaycan çempionatının səviyyəsini müqayisə edəndə hansı fərqi görürsən?

– Oyunun tempində fərq var. Fiziki olaraq daha hazırlıqlı olmalısan. Mən, fərqi fiziki planda görərdim. Çünki orada oynamaq üçün Azərbaycan çempionatından qat-qat hazırlıqlı olmalısan. Oradakı müdafiəçilər fiziki baxımdan daha üstün olurlar. Ona görə də fiziki hazırlığın daha yaxşı səviyyədə olmalıdır.

“Atamın baxışı mənə bəs edirdi”

– Qurban Qurbanova kənardan baxanda qapalı, sərt insan təsiri bağışlayır. Bəzən biz deyirik ki, bu adamın üzü nə vaxt güləcək? Qurban Qurbanov evdə necə insandır? Evdə də gülmür, zarafat etmir?

– Gülür, zarafat etdiyi vaxtlar da olur. Hər şey yerli-yerində. O, elə insandır ki, harada necə lazımdırsa, elə də hərəkət edir. Mən deməzdim ki, həddindən artıq sərtdir. Harada sərt olmaq lazım olduğunu bilir. Ata kimi nümunədir.

– Səni cəzalandırıb? Hansı cəzanı verib?

– Hansısa cəzaları olmayıb. Lazım olduqda, mənimlə sərt söhbətlər edib. O sözləri mənə bəs edirdi. Cəza verməyə ehtiyac olmurdu. Çünki söz deyəndə, məni onu dərk edirdim. Onun bir sözü, baxışı mənə bəs edirdi.

– Qurban Qurbanovun 30 illik yubileyində dünyaya gəlmisən. Yəqin ki, bir ata üçün bundan gözəl hədiyyə olmaz. Qurban Qurbanovun özü doğum gününü – 13 aprel tarixini xüsusi olaraq qeyd etmir. Həmin gündə sənin üçün xüsusi nəsə edir?

– Onun mənə qarşı münasibəti həmişə yaxşı olub. Deyərdim ki, həddindən artıq yaxşı olub. Ona görə də xüsusi günlərdə əlavə bir şey etməyə ehtiyac olmayıb.

– Qurban Qurbanov qızlarını çox istəyir, yoxsa oğlunu?

– Onu özündən soruşsanız yaxşı olar (gülür).

– Belə deyim var ki, qızlar atalarını, oğlanlar isə analarını çox istəyirlər. Musa evdə gizlin sözü olanda atasına deyir, yoxsa anasına?

– Baxır söhbətin məğzinə. Elə söhbət var ki, ana ilə edərsən. Elə söhbət də olar ki, onu ata ilə edərsən. Mən də baxıram, hansı ilə uyğun olsa, onunla söhbət edirəm.

“Bu barədə özlərindən soruşarsınız”

– Qurban Qurbanovun yəqin ki, futbolla bağlı sənə iradları olub? Bundan inciməmisən ki?

– İradlar olub, amma inciməmişəm. Öz-özümə əsəbləşmişəm ki, niyə belə edirəm… Amma inciməkdən söhbət gedə bilməz. Çünki dərk edirəm ki, neçə ildi futbol içindədir, bu sahəni məndən qat-qat yaxşı bilir. O cümlədən də həyatı. Çalışıram ki, fikirlərimi düzgün analiz edib həyata keçirim.

– Elə olubmi ki, qardaşlar – Qurban Qurbanov və Musa Qurbanov sənin üstündə mübahisə etsinlər? Atan səni danlayıb, əmin isə müdafiə edib?

– Yox, elə bir şey olmayıb. Atam məni danlayanda belə şəxsi olur. Bunu heç kim bilmir.

– Əminə şikayət etmirsən?

– Yox, etmirəm. Ola bilər ki, öz aralarında nəsə söhbət ediblər, amma mənim xəbərim yoxdur. Bu barədə özlərindən soruşarsınız.

“Çalşıram ki, saat 12 olmamış evdə olum”

– Baş məşqçinin ata olması istər-istəməz komanda daxilində problem yarada bilər. “Qarabağ”da bu məsələ necədir?

– Ola bilər başqa haradasa olsun, amma “Qarabağ”da belə söhbət ola bilməz. Bizim komandada futbolçular çox peşəkardırlar. Baş məşqçi, yəni atam da bilirsiniz necə insandır. O, bu məsələləri heç vaxt bir-birinə qarışdırmayıb. Həmişə vurğulayır ki, mənim gözümdə bütün futbolçular eynidir. Ona görə də başqa söhbət olmayıb. Futbolçular tərəfindən də belə bir şey hiss etməmişəm. Hamımız bu məsələyə peşəkar yanaşırıq.

– “Qarabağ”da kimlərlə münasibətin daha yaxşıdır? Legionerlər, yoxsa yerlilərlə?

– Hamısı ilə münasibətim yaxşıdır. Legionerlərdən Riçard Almeyda bura gələndə mən balaca uşaq idim. Məşqlərə, oyunlara gedib-gəlirdim. Məni o vaxtdan yaxşı tanıyır. Boş vaxtlarımda da əsasən Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Abbas Hüseynov, Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Bədavi Hüseynovla bir yerdə otururuq, söhbətlərimiz, müzakirələrimiz olur. Ümumilikdə hamısı ilə münasibətim var. Hərəsinin ayrı yeri var.

– Baş məşqçilər nə qədər desə də, tələb etsə də, futbolçular nizam-intizamı pozmağa meyilli olur. Musa ən gec saat neçədə evə gələ bilər?

– Elə bir hədd qoyulmayıb mənə. Amma dərk edirəm ki, gec gəlmək olmaz. Çalışıram ki, saat 12 olmamış evdə olum.

“Ona görə bu dili öyrənmək istəyirəm”

– Hansı dilləri bilirsən?

– İngilis, rus dillərini bilirəm. Türk dilini hamımız bilirik. Ərəb dilində oxuya bilirəm. Bəzi sözləri bilirəm və başa düşürəm. Səlis danışa bilmirəm.

– Bu biliklər uşaqlıqdan formalaşıb?

– Bəli, elə uşaqlıqdan, məktəbə getdiyim vaxtdan ingilis dilinə önəm verirdim. Birinci bu dili öyrənmişəm. Əlavə hazırlıqlara, kurslara getmişəm. Rus dilini danışa-danışa öyrənmişəm. Uşaq vaxt ərəb dilindən də kurslara gedirdim. Elə odu ki, yarımçıq qaldı.

– Planın hansı dili öyrənməkdir?

– Ərəb dilini istəyərəm tam öyrənib. Bir də ispan dilinə marağım var.

– Bu o deməkdir ki, gələcəkdə İspaniya çempionatında oynamaq istəyirsən?

– İspaniya çempionatına hamının marağı var (gülür). O çempionatda oynamağı kim istəməz ki… Amma dili sırf bu məqsədlə öyrənmirəm, sadəcə mənə maraqlıdır. Digər dillərə baxanda mənə daha asan gəlir. Məsələn, fransız dilinə nisbətən ispan dili mənim üçün daha asandır. Həm də 13-14 yaşımda İspaniyaya akademiyada hazırlıq keçməyə getmişdik. 2 aya yaxın orda qaldım. İspan dilində az-maz söz öyrənmişdim. O vaxtdan yadımda qalıb. Həm qrammatikası, həm də sözlərin tələffüzü digər dillərə baxanda daha asandı. Həm də, ingilis dilindən sonra ikinci ən geniş yayılmış dildir. “Qarabağ”da da ispandilli futbolçular var. İspan dilini bilsən, portuqal və o cümlədən italyan dilini öyrənmək asan olacaq. Ona görə ispan dili vacibdir, istəyərəm öyrənim.

“Çimərlikləri mənim üçün ekzotik gəlib”

– Musa Qurbanlının maaş kartı kimdədir?

– Özümdə (gülür).

– Dəqiq?

– Hə.

– İstədiyin kimi istifadə edə bilirsən?

– Bəli.

– Bahalı bir şey alanda evə xəbərdarlıq edirsən?

– Lazım gələndə məlumat verirəm. Amma bu mövzuda sərbəstəm. Güvənirlər mənə.

– Səyahət etməyi xoşlayırsan. Digər futbolçular kimi əyləncəni deyil, tarixi, görməli yerlərə, şəhərlərə səfər etməyi sevirsən. Sanki sənin üçün əyləncə daha arxa plandadır. Bu nə ilə əlaqədardır?

– Əyləncə anlayışı insandan-insana dəyişir. Hərənin əyləncəsi bir cür ola bilər. Kimsə muzeyləri gəzə bilər, kimsə filmlərə gedə bilər, kimsə də sadəcə çıxıb küçədə dostları ilə gəzə, çay, kofe içə bilər. Mən də isə belədir: sevdiklərim, dostlarımla birlikdə olum. Onlarla birlikdə gəzək, görmədiyimiz yerlərə gedək, söhbətlər edək. Mənim əyləncə anlayışım budur. Mənə maraqlıdır ki, hər dəfə yeni, maraqlı yerləri görüm, gəzim.

– Bundan sonra haralarda olmaq istəyərdin?

– Braziliya deyərdim. Rio-de-Janeyronu, San-Paulonu görmək istəyərdim. Çimərlikləri məni cəlb edir. Futbolla bağlı Avropanın bir çox yerlərində olmuşuq. Amma gəzmək imkanımız olmayıb. Çox yerdə olmaq istəyərdim.

 

“Hər halda söhbətin içində atam da olub”

– “Qarabağ”la müqavilə bağlayanda sənə verilən məvacibi atan təyin etdi, yoxsa klubdan dedilər ki, bu qədər maaş alacaqsan? Mövqeyini soruşdular?

– Mövqeyimi heç mən özüm də bildirmədim. Bilirdim ki, mən nəyi haqq edirəmsə, onu da verəcəklər. Onlar daha yaxşı bilirlər. Ona görə də pul söhbəti eləməmişəm. Hər halda söhbətin içində baş məşqçi – atam da olub. Gənc futbolçular – mən, Elvin, İsmayıl və Toral bir yerdə müqaviləni yenilədik. Yəqin ki, hamımızın söhbəti gedib. Tək mən yox, ümumiyyətlə hamımız pul söhbəti, müzakirə eləmədik. Nə dedilərsə, onunla razılaşdıq.

– Mütəxəssislər bildirilər ki, futbolçularımızın legioner həyatına maraq göstərməməyinin bir səbəbi də burada daha yaxşı məvacib almalarıdır. Bəzi çempionatlar var ki, orada maaşlar aşağıdır, amma potensial böyükdür. Belə vəziyyət olsa, istənilən maaşa potensiallı çempionata getməyə razı olarsan?

– Bilsəm, əmin olsam ki, getdiyim yer karyera qurmağıma daha çox kömək olacaq, pulu fikirləşmərəm.

“Orada oynamaq arzumdur”

– “Top-5” liqalarda elə klub varmı ki, orada oynamaq üçün hər şeyə razı olarsan?

– “Top-5” liqalarda kim oynamaq istəməz ki? Amma klublara gəldikdə, sırf azarkeşlik etdiyim komanda yoxdur. Amma “Barselona”ya böyük simpatiyam olub. “Kamp Nou”, özünüz bilirsiniz necə stadiondur. Sonra “Enfild”. Stadion kimi, azarkeşləri də həmişə mənə vahiməli gəlib. Orada oynamaq arzumdur.

– Simulyator oyunlarını sevirsən, xüsusilə futbolu. Orada hansı klubu seçirsən? Karyera seçimində özünü hansısa kluba əlavə etmisən?

– Özümü heç vaxt oynatmamışam, karyeramı qurmamışam. Dostlarla oynadıqda axır vaxtlar PSJ-ni seçirəm. Messi, Mbappe, Neymar ordadı, ona görə. Amma PSJ-ni seçəndə bir az haqsızlıq olur. Ona görə bu komandanı çox seçmirəm. Nədənsə, “İnter”lə oynayıram. “Playstation”da bu komandanın sistemi mənə uyğun gəlir.

“Valideynlərimin razılığı olmadan bu iş olmaz”

– Azərbaycanda gündəmdə olan, gənc və yaraşıqlı futbolçusan. Eşq oduna düşmüsən?

– Yox, düşməmişəm. Görək gələcəkdə necə olacaq.

– Evlənmək vaxtı gələnədə valideynlərin məsləhəti əsas olacaq, yoxsa sevgi?

– Açığı, qərar verməmişəm. Amma qarşılıqlı olmalıdır. Onların razılığı olmadan bu iş olmaz.

– Qızlar səni tez-tez narahat edir?

– Yox.

– Nömrəni tez-tez dəyişirsən?

– Bu vaxta kimi cəmi bir nömrə dəyişmişəm. Narahatlığım yoxdur. Belə hallar olduqda belə çalışıram fikrimi yayındırmasın.

– Qızların sənə maraq göstərdiyini hiss edirsən?

– Futbolçuq, istər-istəməz göz qabağındadır. Minlərlə insan baxır bizə. Nəinki qarşı cinsin, ümumiyyətlə insanların marağı olur.

– İnsanlar fürsət düşdükcə səninlə foto və video çəkdirib sosial şəbəkələrdə paylaşırlar. Sən də onlara qarşı laqeyd davranmırsan. Bezdiyin, yorulduğun anlar olur?

– Bezmirəm, xoş olur. Tək mən yox, hamımız uşaqlıqda futbolçu olmağın arzusunu qurandda bilirdik ki, belə şeylər də olacaq. Məncə, uşaqlar təkcə futbolçu olmağı deyil, belə şeyləri də arzu edirlər. Məhşur olmaq və s. İnsanların sevgisini, hörmətini, diqqətini gördükdə, sevinirəm. Hiss edirəm ki, sevilirəm. Bu da insanda xoş hisslər yaradır.

Heybət Məmmədov

Exit mobile version