AUT.AZ

Azərbaycanda kimi çox sevirlər, “Qarabağ”ı, yoxsa “Neftçi”ni? – Araşdırma

Dünyada milyardlarla sosial media istifadəçisi var. Bu, dövrümüzün tələblərindən biridir. Sosial şəbəkələrin özü artıq kiçik dünya hesab edilir. Buranın öz qaydaları, rutinləri var. Hər bir sahə kimi sosial medianın da müsbət və mənfi tərəfləri var.

Üstün cəhətlərdən biri sürətli informasiya mübadiləsini təmin edilməsidir. Hansısa insan, qurum, təşkilat qısa zaman kəsiyində böyük kütlə ilə əlaqə qura bilər. İdman da bu sahədən faydalanır.

İdmançıların, klubların, cəmiyyətlərin və azarkeşlərin sosial mediada çox sayda izləyiciləri var. Azərbaycan idmanı da sosial şəbəkələrdə aktiv şəkildə təbliğ olunur. Bu sarıdan futbol klubları daha aktiv görünürlər. İstifadəçi sayları da az deyil.

Ölkəmizin sosial şəbəkələrdəki ən populyar klubu “Qarabağ”dır. Ağdamlıların bu göstəricidə lider olması təsadüf deyil. “Köhlən atlılar”ın Azərbaycanı avrokuboklarda daimi olaraq təmsil etməsi bu məsələdə böyük rol oynayır. Çempionumuzu başqa ölkələrdən diqqətdə saxlayan insanların sayı da az deyil. “Qarabağ”ın “Instagram”dakı səhifəsinin izləyici sayı 400 mindən çoxdur.

İkinci sırada “Neftçi” qərarlaşıb. Paytaxt təmsilçisi əzəli rəqibi “Qarabağ”dan bu göstəricidə aşkar fərlə geri qalır. Sosial şəbəkələrin aktiv klublarından olan “ağ-qaralar”ın “Facebook”da 170 mindən çox izləyicisi var. “Qəbələ”ni də sosial mediada izləyənlərin sayı az deyil. Əyalət təmsilçisinin tarixi titullarla zəngin olmasa da, avrokuboklarda uğurları az olmayıb. Aşağıda gördyünüz rəqəmlərin yüksək olmasının əsas səbəblərindən biri də məhz budur.

Premyer Liqanın gümüş medallarını qazanan “Sabah” da sosial mediada aktiv və sevilən klublardan biridir. Xüsusilə bu mövsüm komandanın baxımlı oyun nümayiş etdirməsi və “Beşiktaş”la xeyriyyət matçının təşkili izləyici sayının artmasında mühüm rol oynayıb. Bu mövsüm elitada qalmaq uğrunda mübarizə aparan “Səbail”in də izləyici kütləsi az deyil. “Dənizçilər”in heyətində bir vaxtlar Maykl Essyen kimi ulduz futbolçunun çıxış etməsi mühüm rol oynayıb. Bundan əlavə, qvatemalalı qolkiper Nikolas Hagenin transferindən sonra həmyerliləri paytaxt təmsilçisinin sosial şəbəkə hesablarına axın etmişdilər. Sözügedən futbolçuların gedişindən xeyli vaxt keçsə də, bu məqam “Səbail”in sosial şəbəkə hesablarına elə də mənfi təsir etməyib.

Sonrakı pillələrdə qərarlaşan klublardan “Zirə”də diqqət çəkən məqam var. Klubun “Instagram” səhifəsinin izləyici sayı “Facebook”la müqayisədə təqribən 7 dəfə çoxdur. Bu mövsümün debütantları və bölgə təmsilçiləri olan “Turan Tovuz”la “Kəpəz”in sosial şəbəkə hesablarını elə də çox insan izməmir. Gəncə təmsilçisinin “Instagram” səhifəsi bir qədər üstündür.

Komanda Facebook Instagram
Qarabağ 202013 470116
Neftçi 171981 103427
Qəbələ 115042 44517
Zirə 11993 75229
Sabah 37115 28692
Səbail 32816 20573
Şamaxı 12545 9892
Kəpəz 6454 15375
Sumqayıt 12781 5927
Turan Tovuz 8504 5838

Azərbaycan klublarının sosial şəbəkələrdəki fəaliyyəti təkcə “Instagram” və “Facebook”u əhatə etmir. Premyer Liqa təmsilçilərinin bir qisminin rəsmi “Twitter” və “Tik-tok” hesabları da var. Sonuncuda daha əyləncəli mövzular paylaşılır. Bundan başqa, klublarımız “Youtube”da da aktivdirlər. Onlardan ən öndə olanı “Qarabağ”la “Neftçi”dir. “Köhlən atlar”ın 73,8 min abunəçisi varsa, televiziya kanalı olan “ağ-qaralar”da bu rəqəm 2 dəfə azdır – 39,3 min. (Publika.az)

 

Exit mobile version