AUT.AZ

Şeydayevi Tailanda getməyə kim və necə vadar edir? – ŞOK FAKTLAR

Azərbaycan millisinin üzvü Ramil Şeydayev mövsümün sonunda “Qarabağ”dan ayrılacaq. Nə qədər qəribə olsa da, 26 yaşlı futbolçunun Tailanda yollanacağı gözlənilir. Onun, illik 1 milyon dollar maaş müqabilində “Buriram Yunayted” klubu ilə anlaşdığı bildirilir.

“Zenit”in yetirməsinin “Qarabağ”dakı uğurlu mövsümdən sonra təkliflər alacağı gözlənilən idi. Ancaq onun Asiyaya üz tutacağını heç kim ağlından keçirmirdi. Ramilin Avropada və ya Rusiyada legioner həyatı yaşayacağı ehtimal edilirdi. Şeydayevə Azərbaycan da daxil olmaqla bir neçə ölkədən 500 min dollara qədər yüksələn təklifləri var idi. Ancaq Ramil fərqli qərar verdi. Düzdü, bu keçid hələ rəsmən açıqlanmayıb. Amma bu iddialar heç də əsassız deyil.

Bəs Şeydayevi pul ardınca yollanmağa kim vadar edib? Aut.az-a bununla bağlı tutarlı məlumat verilib. Milli komandamızın üzvünün Asiyaya yollanmasında böyük rol oynayan insanlar onun menecerlərdir. Onlar son bir neçə ayda bu istiqamətdə gördüyü işlərin, futbolçu ilə aparılan söhbətlərin nəticəsini gördülər. Ramilin rəsmi olaraq agenti Anton Astafiyev adlı şəxsdir. Şeydayevin transfer hüquqları ukraynalı menecerin sahibi olduğu “Special1Agency” şirkətinə məxsusdur. Düşünməyin ki, Astafiyev bu işi təkbaşına görüb. Ramili yoldan çıxaran əsas şəxs Riad Rəfiyevdir.

“Sumqayıt”ın prezidenti olduqdan sonra da menecerlik fəaliyyətini davam etdirən Rəfiyev yenə iş başındadır. Qaydalar, klub rəsmisi ola-ola agent kimi çalışmasına imkan vermir. Ona görə də yaxın əlaqələrindən yararlanır. Əslində “Special1Agency” şirkətinin də məhz Rəfiyevə məxsus olduğu bildirilir. Sadəcə, gözdən pərdə asmaq üçün Ramilin agenti kimi Anton göstərilib. Şeydayevin Asiya macərası bu tandemə ən azı 150 min dollar qazandıracaq. Kimin nə qədər pay alacağı məlum olmasa da, Ramilin transferi onlar üçün kifayət qədər bərəkətli sayılır.

Bildirilir ki, Rəfiyev Ramilə deyib ki, get 2 il Tailandda oyna, 2 milyon qazan, sonra Azərbaycana qayıdarsan. Və üstəlik, vəd də verib: Həmin vaxt yenə də “Qarabağ”ın və ya “Neftçi”nin qapısı sənin üzünə açıq olacaq.

Ramil Şeydayevin Tailandda nə ilə üzləşəcəyini, nə qazanıb, nə itirəcəyini proqnozlaşdırmaq mümkün deyil. Amma Rəfiyevin bu məsələdən yenə qazanclı çıxan tərəf olduğu dəqiqdir.

Riad Rəfiyev təkcə Ramilin Asiyaya keçidi ilə kifayətlənmək fikrində deyil. O, “Neftçi”nin kapitanı Emin Mahmudovu da Şərqə yollamağa çalışır. Ancaq Emin Ramildən fərqli olaraq qərar verməyə tələsmir.

Aut.az

Exit mobile version