AUT.AZ

“Şaxtyor”un “Sabah”a yaratdığı “Kaşuk düyünü” – İnanılmaz detallar

Heç şübhəsiz, “Sabah”ın uğurlu çıxışında Aleksey Kaşukun müstəsna xidməti var. Ukraynalı futbolçu həm “Sabah”ın gücünə güc qatdı, həm də özü inkişaf etdi, püxtələşdi. Təbii ki, “Sabah”ın onu heyətdə saxlamaq istəyi normaldır. Elə “Şaxtyor”un da ona görə pul qazanmaq istəyində qəbahət heç nə yoxdur.

Donetsk klub Kaşukun Azərbaycan çempionatındakı performansından xəbərdardır. Ona görə də futbolçusunu daha baha qiymətə satmaq niyyətindədir.

Yox, “Şaxtyor” “Sabah”ın onlara maksimum nə qədər təklif edə biləcəyindən də xəbərdardır. Yəni “bayquşlar”a qiymət oxumaq mənasızıdır.

Sadəcə Ukrayna nəhənginin başqa planı var.

İyunun 21-də U-21-lər arasında Avropa çempionatına start veriləcək. Rumıniya və Gürcüstanda keçiriləcək Avropa çempionatında Ukrayna yığması da iştirak edəcək. Yığmanın futbolçularından biri də Aleksey Kaşukdur. “Sabah”da möhtəşəm performansa sahib olan futbolçunun Avropa çempionatında da adından söz etdirəcəyi ehtimalı böyükdür. “Şaxtyor da məhz bu məqamı nəzərə alır.

Avropa çempionatı nəhəng klubların izləyəcəyi bazar olacaq. Kaşuk bu çempionatda özünün göstərə bilsə, təbii ki, bir neçə müştərisi olacaq.

Bir neçə müştərinin olması isə qiymətin artması deməkdir.

Vəssalam. Məsələ aydındır. “Şaxtyor” Kaşuk üçün hazırda  “Sabah”dan təklif alıb. “Bayquşlar” onun üçün maksimum 1 milyon avro verə bilərlər. Amma Avropa çempionatında Kaşuk özünün göstərə bilsə, qiyməti 5-6 milyon avroya yüksələ bilər.

Ona görə də, “Şaxtyor” “Sabah”a nə “hə”, nə də “yox” cavabı verir. Ukrayna nəhəngi Avropa çempionatından sonra Kaşuk üçün təklif almasa, onda “Sabah”a müsbət cavab verəcək.

Yəni “Sabah”ın gözləməkdən başqa çarəsi yoxdur. Çünki “Şaxtyor”un bağladığı “düyün” Avropa çempionatından sonra açılacaq. İşin digər tərəfi odur ki, “Sabah” da hələ heç nə itirmir. “Bayquşlar” Kaşukla indi müqavilə bağlasalar belə, bütün hallarda onu Avropa çempionatından sonra sərəncamlarında görəcəklər. Yəni ən yaxşı halda Avstriya toplanışında. Amma “Kaşuk düyünü”nün açılacağına da inanıb, “yatmaq” olmaz. “Sabah”ın “B” planı mütləq olmalıdır ki, “Kaşuk düyünü” açılmasa, Avrokuboklarda başqa bir düyünə dolaşmasınlar.

Aut.az

 

Exit mobile version