AUT.AZ

“Neftçi” azarkeşi yenə də Rövşən Nəcəfə müraciət etdi: Qərarınızı gözləyirik!

“Neftçi”nin növbəti dəfə çempionluğu əldən verməsi, bu azmış kimi gümüş medalları da “Sabah”a “bağışlaması” ağ-qara rənglərə könül verən fanatların səbir kasasını daşırıb.

Azarkeşlər mövcud durumla razılaşmır, klubda mütləq dəyişikliklərin olmasını istəyir.

Hətta ölkə kuboku muzeyə gətirilsə belə, klubda rəhbər dəyişikliyinin baş verməsini arzu edirlər.

“Neftçi”nin 60 illik azarkeşi Fazil Dadaşov redaksiyamıza ünvanladığı məktubda klubun Müşahidə Şurasının rəhbəri Rövşən Nəcəfə müraciət edib:

“Hörmətli Rövşən Nəcəf müəllim!

Ötən il dekabr ayının 2-də klubun Müşahidə Şurasının sədri vəzifəsinə gəlməyiniz “Neftçi”sevərlərdə ümid yaratdı, təyinatınız sevinclə qarşılandı. Düşündük ki, ölkəmizin ən qocaman klubu nəhayət ki, düşdüyü bəladan qurtulacaq. Biz, çoxsaylı azarkeşlər, ötən ilin sentyabr ayında “Neftçi”mizin son 7 illik qeyri-peşəkar fəaliyyəti, yarıtmaz idarəçiliyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanladıq, “Neftçi”ni naşı idarəçiliklə rəzil günə salanlardan xilas olunması yönündə köməklik etməsini dilədik. Bir ay sonra – oktyabr ayında SOCAR prezidenti kimi sizə də məktubla müraciət etdik.

Məktubda bu illər ərzində aparılan qeyri-peşəkar transfer siyasəti nəticəsində 76 futbolçu transferi də qeyd olunmuşdu. Bu müraciətlərdən sonra sizin Müşahidə Şurasına sədr kimi gəlişiniz biz azarkeşləri xeyli ümidləndirdi, “Neftçi”nin xilaskarına çevriləcəyinizə əminlik yaratdı. Artıq 5-6 aydır “Neftçi”yə nəzarət edirsiniz. Bu aylar ərzində özünüz də klubun hansı gündə olduğuna şahidlik edirsiniz. Sadiq azarkeşlər “Neftçi”nin kubok qazanacağını uğur kimi qəbul etmir. Biz sevimli komandamızın alışdığımız daimi liderlik mövqeyinə qayıtmasını istəyirik və bunu layiq olduğumuzu düşünürük.

Hörmətli Rövşən müəllim, sizin səssizliyiniz biz azarkeşləri yenidən ümidsizliyə aparır və yarıtmaz klub idarəçiliyi sayəsində tənqidlər artıq sizə doğru yönəlir. Humanistlik göstərib qış fasiləsində bu heyətə şans verdiniz. Gördüyünüz kimi, getdikcə “Neftçi”nin nüfuzu daha aşağı düşür, biz azarkeşlərin ürəyini ağrıdır. Ancaq mən qocaman azarkeş, zamanında peşəkar futbolla məşğul olmuş, azdan-çoxdan futboldan anlayışı olan bir ağsaqqal kimi sizə olan ümidimi itirmirəm. Başa düşürəm və inanmaq istəyirəm ki, yəqin bu 5 ay ərzində “Neftçi”də söz sahibi kimi öz araşdırmalarınızı aparmısınız, “Neftçi” əzəmətinin qayıtması yolunda Müşahidə Şurası ilə yekun qərarınızı verəcəksiniz.

Mövsüm başa çatmaq üzrədir. Bu mövsüm də əvvəlkilər kimi biz azarkeşlərə çox acılar, üzüntülər yaşatdı. “Neftçi” idarəçiliyində olanların futbol fəlsəfəsi çox aşağı səviyyədədir. Biz azarkeşlər bəhanələrdən bezmişik. Belə davam edərsə, yeni mövsümdə də “Neftçi”nin mümkün uğursuzluqları, faciələri şübhə doğurmur. Obyektiv azarkeş kimi digər komandaların uğurlarını qəbul edirəm, amma doğma “Neftçi”miz Azərbaycanda heç bir klubla müqayisə olunmamalıdır. “Neftçi” həmişə öndə olub, o illərin geri qayıtmasını istəyirik.

Artıq sizdən qəti addımlar və “Neftçi”ni rəzil günə salan idarəçilərin, günahı olanların hamısının görəvdən uzaqlaşdırılmasını, azarkeşlərin səsinə səs verməyinizi istəyirik.

“Neftçi” yeni mövsümdə ancaq yeni rəhbərliklə döyüşkən komanda yarada, əzəmətli günlərini qaytara bilər. “Neftçi”mizin yenidən çempionluqlara, avrokuboklarda qruplara qovuşması sizin verəcəyiniz qərardan asılıdır. Məhz bu qərarın tezliklə qəbul olunmasına inamımız itməyib. Sizin başçılığınızla “Neftçi”miz yenidən öz liderliyini qaytarmalıdır. Mənim kimi düşünən minlərlə “Neftçi” sevdalısı sizin qəti qərarınızı gözləyir!”

Exit mobile version