AUT.AZ

Elvin Məmmədov karyerasını bitirəcək, əgər…

Azərbaycan Premyer Liqasının 35-ci turunda “Şamaxı” “Qəbələ”ni qəbul edib. Oyun qolsuz bərabərliklə başa çatıb.

Sonuncu pillədə qərarlaşan, elitada qalmaq uğrunda mübarizə aparan meydan sahibləri bu görüşdən 1 xalla ayrılmaqla şansını sonuncu matça saxlayıb. Buna səbəb 9-cu pillədə qərarlaşan “Səbail”in “Turan Tovuz”la oyunda 2:2 hesablı heç-heçə etməsi idi. Odur ki, sonuncu – 36-cı turda ölüm-qalım matçı baş tutacaq.

Aut.az xəbər verir ki, “Qəbələ” ilə oyundan sonra “Şamaxı”nın kapitanı Elvin Məmmədov  həm “Səbail”lə oyun, həm də gələcək karyerası barədə Publika.az-a müsahibə verib.

– Hər şeyi sona saxladınız…

– Bəli, elədir. İnanın ki, futbol karyeramda hələ belə stressli olmamışdım. İndiyə kimi oynadığım komandalarn heç birində belə vəziyyət yaşamamışam. Çünki çempionatda belə durum olmamışdı. Hər işdə bir xeyir var. Bu gün məqsədimiz “Qəbələ” kimi komandadan xal almaq idi. Buna layiq olduq. Düzdür, digər oyunun nəticəsi (“Turan Tovuz” – “Səbail” 2:2) bizi məyus elədi. Amma yenə də şansımızı sonuncu oyuna saxladıq.

– “Səbail”lə həlledici oyuna çıxacaqsız. Səfərdə oynayacaqsız və ancaq qalib gəlməlisiniz…

– Bizim üçün hər oyun finaldır. Futbolda hər şey mümkündür. Mənə görə, səfər oyununa belə getmək daha yaxşıdır. Çünki stressdən bir az uzaq olacağıq.

– Vəziyyətin bu yerə gəlib çatmaması üçün nə etmək lazım idi?

– Bundan sonra nə danışsaq, boş olacaq. Geri qaytarılası heç nə yoxdur. Çox şey etmək olardı. Amma bunu çempionatdan sonra daha ətraflı danışsaq, yaxşı olar. Bu məsələləri danışmaq komanda üçün mənfi aura yarada bilər. Azərbaycanlı futbolçularla bura qədər gəlmişiksə, deməli, nəsə var.

– Daim böyük klublarda oynamısan. “Şamaxı”nın Premyer Liqadan aşağı düşməsi Elvin Məmmədov üçün nə demək olar?

– Bu, nəinki mənim, hətta “Şamaxı”dakı gənclər üçün ağır nəticə olar. Mənə sabah təklif olmasa, futbolla vidalaşaram. Amma bu gənclər yeni-yeni üzə çıxır. 35 turdu bu uşaqlar oynayır. OnlarıAzərbaycan futboluna qazandırmaq üçün bu komanda qalmalıdır. Qərar verilibsə, buna hörmətlə yanaşırıq. Amma belə çətin olacaq.

– “Futbolla vidalaşaram” dedin, karyeran haqqında nə fikirləşirsən?

– Bu gün bu barədə fikirləşmək istəmirəm. Çünki istəyirəm ki, bu gün pozitiv olaraq komandama maksimumu verim. Gələcək necə olacaq, kim dəvət edəcək bunu zaman göstərəcək. İndi bu barədə danışmaq istəmirəm.

– Bəs “Şamaxı” birinci diviziona yuvarlansa, kapitan, lider kimi komandada qalmağını istəsələr, nə edərsən?

– Yox, o olmayacaq.

– Yəni divizionda oynamaq istəmirsən?

– Yox, istəmirəm.

– Premyer Liqadan təklif olmasa, karyeranı bitirərsən, amma divizionda oynamazsan?

– Premyer Liqa olsa, niyə də olmasın? Amma divizion yox.

 

Exit mobile version