AUT.AZ

Üzr istədilər: Onlara “fanat” deyə bilmərik

“AZ Alkmar”  “Vest Hem”lə oyundan sonra azarkeşlərin davranışına görə üzr istəyib.

Konfrans Liqasının yarımfinalında Niderland təmsilçisi öz meydanında 0:1 hesabı ilə məğlub olub. İlk görüş də “Vest Hem”in qələbəsi ilə yekunlaşmışdı (2:1).

Oyundan sonra bir qrup niderlandlı azarkeş hasarların üstündən tullanaraq “Vest Hem” futbolçularının ailələrinin də yerləşdiyi tribunaya doğru hərəkət ediblər. Stüardlar onların qarşısını ala bilməyiblər.

Ultras qonaqlara pirotexniki vasitələr atmağa başlayıblar və kütləvi dava-dalaş törədiblər. İngiltərə komandasının ayrı-ayrı oyunçuları müdaxilə edərək onları dayandırmağa çalışıblar.

“Təəssüf ki, biz bu insanlara münasibətdə “fanatlar” sözünü işlədə bilmirik.

Hamı tarixi bir Avropa matçına ümid edirdi, lakin hakimin son fitindən sonra baş verən hadisələrə görə üzüldük.

Utancverici bir gecə yaşadıq. Oynanan futbol matçına görə yox, bəzi tamaşaçıların davranışına görə.

Baş verənlər bütün hədləri aşır. Klub “Vest Hem”dən və həmçinin qanunsuzluqlara məruz qalan minlərlə ləyaqətli AZ azarkeşlərindən səmimi şəkildə üzr istəyir.

AZ idmanın, normaların və dəyərlərin hər şeydən üstün olduğu sivil klubdur.

Klub bu şəxslərin müəyyən edilməsi və müvafiq tədbirlər görülməsi üçün aidiyyəti orqanlarla birlikdə mümkün olan hər şeyi edəcək”, – deyə klubun açıqlamasında bildirilir.

Aut.az

Exit mobile version