Eyni mövsümdə həm Çempionlar Liqasının, həm də Dünya kubokunun qalibi olmağı bacaran cəmi 9 futbolçu var. Ancaq bu sezon sözügedən statistikada artım olacaq.
Aut.az xəbər verir ki, buna səbəb qitənin bir nömrəli klub turnirində finala yüksələn komandaların – “Mançester Siti” ilə “İnter”in hərəsinin heyətində dünya çempionu olan bir futbolçunun olmasıdır. “Şəhərlilər”in forvardı Julian Alvares Argentina millisi ilə mundialın qalibi olub. Onun əks düşərgədəki həmyerlisi Lautaro Martines də Qətərdəki yarışda birinci olan Cənubi Amerika təmsilçisinin heyətində yer alıb.
Kimin komandası qalib olsa, o, bir mövsümdə sözügedən turnirlərdə qalib gələn 10-cu futbolçu olacaq.

Bəs bu nailiyyəti əldə edən 9 əfsanə kimlərdir? İlk dəfə bu uğura almaniyalı futbolçular – Sepp Mayer, Paul Braytner, Frants Bekkenbauer, Hans-Ceorc Şvarsenbek, Herd Müller və Uli Höness imza atıblar. Onlar 1974-cü ildə ilk dəfə “Bayern”lə Çempionlar Kubokunu qazanıblar. Bundan 7 həftə sonra Almaniya mllisi ilə dünya çempionu olmağı bacarıblar.
Bu uğura nail olan futboçular arasında fransız Kristian Karambe və braziliyalı Roberto Karlos da var. Çempionlar Liqası ilə Dünya çempionatını eyni mövsümdə qazanan sonuncu futbolçu isə Rafael Varandır. O, 2017/18-ci il mövsümündə “Real” və Fransa millisi ilə buna nail olub.
Sami Xedira 2014-cü ildə Almaniya ilə Dünya Kubokunu, “Real”la Çempionlar Liqasını qazanıb. Lakin zədə səbəbindən dünya çempionatının finalını buraxdığı üçün adı bu siyahıya salınmayıb.