AUT.AZ

Bir keçidin sirri: Üç gün “həbs” ediblər ki…

Bu mövsümün ən çox müzakirə edilən futbolçularından biri də “Napoli”nin ulduzu Viktor Osimhendir. Neapollular onu komandada saxlamaq üçün çox səy göstərməli olacaqlar.

24 yaşlı hücumçunun bu mövsüm sərgilədiyi futbolu möhtəşəm adlandırmaq olar. O, Xviça Kvaratsxeliya ilə birlikdə “mavilər”in 33 illik fasilədən sonra qazanılan çempionluğunda əsas pay sahibidir. Onun A Seriyasında keçirdiyi 29 oyunda 23 qol və 4 məhsuldar ötürmə etməsi bunun göstəricisidir. Nigeriyalı futbolçu Çempionlar Liqasında da komandası üçün faydalı olub. Meydana çıxdığı 6 oyunda 5 dəfə fərqlənməyi bacarıb.

Təbii ki, belə uğurlu çıxışdan sonra o, bir neçə top klubun diqqətini cəlb edə bilib. “Bayern”, PSJ, “Çelsi”, “Mançester Yunayted” və “Liverpul” bu yay Viktoru heyətinə qatmaqda maraqlıdırlar. Onun transferində Mümhen təmsilçisi ilə “qırmızı şeytanlar” xüsusi aktivlik göstərirlər. “Pivəçilər” Robert Levandovskinin “Barselona”ya transferindən sonra yeni “9 nömrə”yə ehtiyac duyur. “Mançester Yunayted” isə Kriştiano Ronaldonun qalmaqallı ayrılığındna sonra yüksək profilli hücumçu axtarışlarını davam etdirir. Bu mənada ilk seçimləri məhz Osimhendir.

MY nigeriyalı hücumçu ilə müqavilə imzalamağa can atan ilk İngiltərə klubu deyil. Viktor hələ 2020-ci ilin yayında “dumanlı albion”a köçə bilərmiş. Həmin vaxt “Liverpul” onunla maraqlandırdı. “Qırmızılar” onun keçidi ilə bağlı komandası “Lill”lə razılığa belə gəmişdi. Ancaq Osimhenin Mersisayd təmsilçsinə transferi bilinməyən səbəbdən baş tutmadı. Nigeriyalı gözlənilmədən 70 milyon avro müqabilində “Napoli”yə transfer olundu.

2 il sonra onun Yurgen Kloppun komandasına hansı səbəbdən keçmədiyi məlum olub. “Napoli”nin idman direktoru Kristiano Qiuntoli qəribə üsuldan istifadə etməklə Osimhenin “Enfild”ə keçməsinin qarşısını ala bilib. Nə qədər inanılmaz olsa da, o, bunu futbolçunu otelə otağında “əsir” saxlamaqla edib. Bu barədə Qiuntoli ilə birlikdə çalışmış Kandomeniko Kosti “Tuttosport” nəşrinə danışıb:

Foto: Kristiano Qiuntoli

“Osimhenin “Napoli”yə imza atması Qiuntolinin ən böyük şah əsəridir. O, futbolçunu üç gün oteldə qapalı saxladı. “Liverpul”un onunla maraqlandığını bilirdi. Yurgen Klopp şəxsən hərəkətə keçmişdi. Lakin Kristiano “Napoli”nin təklifini qəbul etməyə inandırana qədər, 3 gün Viktor ilə oteldə danışdı. O, enerji ilə dolu idi.

Qiuntoli sizə gündə 100 dəfə zəng edən rejissordur. Viktoru çox yaxşı tanıyırdı. Hətta onu “Şarlerua”dan izləyirdi”.

Bu yay bəlkə də üç günlük “həbs” Osimheni “Napoli”də qalmağa razı salmaq üçün kifayət etməyəcək. “Mavilər”in onu satmaqdan imtina etmək kimi niyyətləri də yoxdur. Viktoru heyətinə qatmaq istəyən klub 150 milyon avro ödəməli olacaq. Bu, neapolluların tələbidir. (Publika.az)

Exit mobile version