AUT.AZ

Elitaya qayıdan Naxçıvana VAR-ı necə aparacaqlar? – Rəsmi açıqlama

Birinci divizionun çempionu “Araz Naxçıvan” yeni mövsümdən Premyer Liqada oynamağa yaxındır. Klubun AFFA tərəfindən lazım olan lisenziyanı alması bunun əyani sübutudur. Bu məsələdə yekun qərarı AFFA İcraiyyə Komitəsi verəcək.

“Araz”ın elitaya gəlişi bəzi problemlər yarada bilər. Onlardan biri də VAR-la bağlıdır. Bu sistem cari mövsümdən Premyer Liqa və kubok oyunlarında tətbiq edilməyə başladı. Paytaxt və ətraf ərazilərdə yerləşən arenalarda VAR otaqları qurulubsa, bölgələrdəki oyunlarda vəziyyət fərqlidir. Əyalətlərdəki qarşılaşmalarda bu sistemdən səyyar avadanlıqlar sayəsində istifadə edilir. Hakimlər VAR maşını sayəsində mübahisəli epizodları dəyərləndirirlər.

Məlum olduğu kimi, Naxçıvana quru yolla gediş-gəliş heç də asan məsələ deyil. Yəqin ki, VAR maşınının muxtar respublikaya gediş-gəlişi həm vaxt, həm də maddiyyat baxımından heç də sərfəli olmaz. Bəs maşının orada qalması və ya orada yeni sistemin qurulması mümkündürmü?

Sualımızı Peşəkar Futbol Liqasına ünvanladıq. Qurumun media və marketinq direktoru Sənan Abdullayev məsələyə belə aydınlıq gətirdi:

“Yeni maşın alınmayacaq. Bakıda olan VAR otaqlarından biri ora köçürülə bilər. Digər bir variant isə VAR vasitələrini hər oyun üçün xüsusi qablaşdırıb aparmaqdır”.

Bu mövsüm VAR futbolumuzda debüt etdi. Yeni futbol ilində bu sistemlə bağlı hansısa yenilik ola bilərmi?

“Xeyr, hal-hazırda hansısa dəyişiklik gözlənilmir. Əgər FİFA-dan VAR-la bağlı xüsusi bir tapşırıq gələrsə, o zaman biz də addım ata bilərik”.

Aut.az

Exit mobile version