Həftə sonu La Liqada “Espanyol”u məğlub edərək 27-ci çempionluğunu rəsmiləşdirən “Barselona” uğurunu bayram edir. Artıq bu münasibətlə ənənəvi çempionluq paradı baş tutub.
Barselona küçələrində keçirilən parad olduqca rəngarəng alındı. Şəhər rəhbərliyinin məlumatına görə, bayram tədbirində 76 000-dən çox azarkeş iştirak edib. Bu, təsadüf deyil. Onlar dörd il idi ki, sevimli komandalarının çempion olacağı anı gözləyirdilər.
Hətta bir ara ümidsizliyə də qapılmışdılar. Çünki “Barsa” elə vəziyyətə düşmüşdü ki, Çempionlar Liqasına belə vəsiqə qazana bilmirdi. Aparıcı ulduzların da komandanı bir-bir tərk etməsi onlarda böyük inamsızlıq yaratmışdı. Ancaq Kataloniya futbolunun əfsanələrindən hesab edilən Xavinin baş məşqçi kimi qayıdışı öz bəhrəsini verdi. 2021-ci ilin noyabrında bu posta gətirilən gənc mütxəssis 2023-cü ilin mayında komandaya çempionluq qazandırdı.
Bir vaxtlar yetirməsi olduğu komandayla futbolçu kimi turnirləri fəth edən Xavi məşqçi kimi 2-ci uğurunu qazandı. O, ilin əvvəlində İspaniya Superkubokunun da qalibi olmuşdu.
Yenə qayıdaq Barselona küçələrinə… Şəhər mavi-tünd qırmızı rəngli dənizi xatırladırdı. Qadınlı-kişili, 7-dən 77-yə hamı “Barselona”nın formasında idi.
Küçələri mahnılar, gülüş səsi və sevinc hissləri bəzəyirdi. Bu, azarkeşlər üçün tarixi anlar idi. Onlar bu anları telefonun yaddaşına həkk etmək üçün canfəşanlıq edirdilər. Sosial şəbəkələrdə paylaşmaq üçün əsl çempionluq hekayəsi var idi.
Məşqçi kimi ilk dəfə La Liqanın qalibi olan Xavi də uşaq kimi sevinirdi. O, azarkeşlərə içki paylayırdı. Cavab olaraq isə onun adı səslənirdi. Gənc mütəxəssis üçün təsirli anlar idi.
Komandanın veteranlarından və kapitanlarından biri olan Serji Roberto azarkeşlərə belə səsləndi: “Biz uzun müddətdir ki, belə bayram etmirdik. İllər keçib… Çempionluq qarşılaşmasının səfərdə oynadıq və uzun müddət bayram edə bilmədik. İndi isə Barselona küçələrində və “Kamp Nou”da sevinmək imkanımız var. Bu bayram xüsusidir”.
Bəzi futbolçular üçün bu ilk La Liqa çempionluğu idi. Onlardan biri də komandanın müdafiəsinin lideri Ronald Arauxo idi. Futbolçunun söylədiyi sözlər bunun təsdiqi idi: “Mən əvvəllər belə bir şey görməmişdim, çox xoşbəxtəm”.
Beləcə, gecə saatlarına qədər çempionluq mərasimi bir neçə saat davam edib. Ən böyük coşqu “Barselona” çempionluq kubokuna qovuşanda olacaq.