“Viçentsa” İtaliyanın ən qədim komandalarından biridir. Eyniadli şəhəri təmsil edən klub 1902-ci ildə yaradılıb. “Ağ-qırımızlar”ın tarixi boyunca böyük uğurları olmayıb.
Fəaliyyətinin 40-cı ilində İtalia A seriyasına yüksəlib. Klub, tarixinin ən böyük uğuruna 70-ci illərin sonlarında imza atıb. Həmin dövrdə komanda sonuncu dəfə “Yuventus”la çempionluq uğrunda mübarizə aparıb. Nəticədə ikinci yeri tutub.
“Viçentsa” tarixində bir böyük titul var. Şimalılar 1997-ci ildə İtaliya kubokunu qazanıb. Komanda növbəti mövsüm avrokuboklarda uğurla çıxış edib. Kuboklar Kubokunda yarımfinala qədər irəliləyən İtaliya təmsilçisi finala gedən yolda “Çelsi”yə uduzub.
Bundan sonrakı 20 ildə isə “ağ-qırmızılar”ın vəziyyəti pisləşib. “Viçentsa” böyük borc yükü ilə C Seriyasına yuvarlanıb. Futbolçulara dörd aydan çox maaş verilməyib. Bu vəziyyətdə oynamaq istəməyən futbolçular tətilə çıxıblar. Baş məşqçi Nikola Zanini bəzi futbolçuların kirayə qaldığı mənzillərin ev sahiblərinə zəng edərək onlara vaxt vermələrini istəyib: “Onlara yalvardım ki, səbr etsinlər. Çünki futbolçular kirayə üçün aylıq 1500 avro ödəməli idilər”.
2018-ci ilin yanvarında klub şok yaşadı. Məhkəmə “Viçentsa”nı rəsmi olaraq müflis elan etdi və bütün rəsmi turnirlərdən kənarlaşdırdı. Belə görünürdü ki, qədim İtaliya klubunun 100 ildən çox olan tarixi sona çatdı. Ancaq kömək gözləmədikləri yerdən gəldi. Porno ulduz Amanda Foks klubun canlanmasına kömək etmək qərarına gəldi.
“Pərəstişkarlarım dedi ki, “Viçentsa” müflis elan edilib. Bunun A Seriyasında qazandığımız gümüş medalların 40-cı ildönümündə baş verməsi çox təəssüf doğurur. Mən Viçentsaya tez-tez gəlirəm, Buna görə də kömək etmək üçün könüllü oldum. Bildirmək istəyirəm ki, komandanın taleyini düşünən Viçentsanın gözəl azarkeşləri ilə birlikdə ola bilərəm”, deyə – Amanda “The Sun”a danışıb.
O, ilkin olaraq şəklinin yer aldığı erotik təqvimlərin satışından əldə olunan gəlirin 10%-ni kluba vermək qərarına gəldi. Ancaq sonrakı müddətdə Foksun kluba nə qədər pul xərclədiyi bilinmir.
2018-ci ildə klub yeni sahibinə qovuşdu. Modo sənayesinin bir nömrəli şəxslərindən biri olan Stefano Rosso “Viçentsa”nı reinkarnasiya etdi. Bunun üçün Rosso digər klubu “Bassano Virtus”u Viçentsaya köçürdü. Komanda “Viçentsa Virtus” adlandırlmağa başladı. 3 ildən sonra klubun adından ikinci söz çıxarıldı.
“Viçentsa” yenidən C Seriyasında oynayır. Komanda pley-off zonasında yer alıb. “Ağ-qırmızılar” B Seriyasına vəsiqə uğrunda mübarizə aparacaq. (Publika.az)