“Liverpul”da iki mövsüm, İspaniya millisində isə bir neçə il birlikdə çıxış edən Fernando Torres və Alvaro Arbeloa diqqət mərkəzinə düşüblər.
Aut.az xəbər verir ki, sabiq futbolçular bu dəfə yaşıl meydanda məşqçi kimi bir-birilərinə rəqib olublar. Arbeloanın “Real”ı Torresin “Atletiko”su UEFA Gənclər Kubokunda qarşılaşıblar.
Onların dueli heç də xoş olmayan hadisəylə yadda qalıb. 1/4 final mərhələsinə təsadüf edən qarşılaşmada gənc mütəxəssislər arasında mübahisə düşüb. Onlar arasında söz atışması o qədər qızışıb ki, Torres Arbeloanı əliylə itələyib. “Relevo” nəşrinin məlumatına görə, Ferando “başını əzərəm” deyib. Alvaro isə “nə vaxt istəyirsən başla” cavabını verib.
Bir neçə dəqiqə sonra gənc mütəxəssilər yenə mübahisə etməyə başlayıblar. Onların hərəkətləri bu dəfə cəzasız qalmayıb. Arbeloa sarı vərəqə ilə canını qurtarsa da, Torres ümumiyyətlə meydandan qovulub.
O, meydanı tərk edərkən rəqibin azarkeşləri tərəfindən təhqir olunmağa başlayıb. Nəticədə bu, Torresin xoşuna gəlməyib. O, üzünü tribunaya tutaraq “kloun, indi sənin yanına qalxacağam” deyib.
Məşqçilər arasındakı gərginlik oyuna əməlli başlı təsir göstərib. Baş məşqçilərindən örnək götürən futbolçular meydanda əlbəyaxa olublar. Hakim oyunçulara 9 sarı vərəqə göstərib. Onlardan 6-sı “Atletiko” tərəfinin payına düşüb..
Gərgin keçən görüş. 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. “Real” ümumi hesabda 4:2 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
Qeyd edək ki, Alvaro Arbeloa və Fernando Torrres İspaniya millisində birgə çıxış etdikləri dövrdə 3 titul qazanıblar. Onlar 2 dəfə Avropa, 1 dəfə isə Dünya çempionu olublar.