Mayın 7-də Madriddə WTA 1000 seriyasında cütlüklərin final görüşü baş tutub.
Finalda Koko Qauff/Cessika Pequla və Viktoriya Azarenko/Beatris Haddad Maya tandemləri qarşılaşıblar. Döyüş 6:1, 6:4 hesabı ilə Azarenko/ Haddad Maya cütlüyünün xeyrinə başa çatıb.
Görüş başa çatdıqdan sonra qəribə hadisə baş verib. “Madrid Open” yarışının təşkilatçıları çempion və finalçıları mükafatlandırma mərasimində ənənəvi çıxış etmək hüququndan məhrum ediblər. Maraqlıdır ki, kişilər üçün belə bir fürsət təmin edilib.
“Mənə bu gün finaldan sonra çıxış etmək imkanı verilmədi”, – deyə Qauff “Twitter”də yazıb.
Pequla da məsələyə münasibət bildirib:
“Bu qərarı verənlərin hansı əsrdə yaşadığını bilmirəm. Yaxud onlar necə müzakirə aparıb qərar verdilər? “Vay, bu əla qərardır və buna qarşı heç bir reaksiya olmayacaq” düşüncəsi ilə? Heç ağlıma da gətirməzdim ki, bizim çıxışımıza icazə verilməyəcək. Bu, məni çox məyus etdi”.
Madrid turnirinin təşkilatçıları qalmaqalın böyüdüyünü görüncə, üzr istəməli olublar:
“Madrid Open”dən daha çox şey gözləyən bütün oyunçulardan və azarkeşlərdən səmimi qəlbdən üzr istəyirik. Qadın cütlüklərinin finalçılarına matçın sonunda azarkeşlərinə müraciət etmək şansının verilməməsi qəbuledilməz idi və biz onlardan üzr istəyirik”.
Madriddə başqa bir qəribə hadisə də baş verib. Mayın 5-də dünyanın ikinci raketka ustaları – turnirin gələcək çempionları Karlos Alkaras və Arina Sobolenko ad günlərini qeyd ediblər. Nəticədə ispan hədiyyə olaraq nəhəng tort alıb. Sobolenkoya isə bundan 10 dəfə kiçik tort verilib. Viktoriya Azarenko bununla bağlı fotonu sosial şəbəkədə paylaşaraq ayrı-seçkiliyə diqqət çəkib.

Aut.az