AUT.AZ

Hazem Hösni: Həm Azərbaycanı, həm insanları, həm də infrastrukturu bəyənirlər

Bakı Atıcılıq Mərkəzində keçirilən “Dünya Kuboku 2023”də Beynəlxalq İdman Atıcılıq Federasiyasının İdarə Heyətinin üzvü Hazem Hösni fəxri qonaq qismində iştirak edir.

Aut.az xəbər verir ki, misirli funksioner yarışı canlı izləyir, bütün proseslərə diqqət yetirir. Media nümayəndələri ilə görüşə də vaxt ayıran Hösni yarışla bağlı fikirlərini bölüşüb, gələcək planlardan danışıb.

– Dünya Kuboku və burada yaradılan şəraitlə bağlı fikirləriniz necədir?
– Bakı Atıcılıq Mərkəzi dünyada ən yaxşı mərkəzlərdən biridir. Bura mötəbər yarışlar keçirmək üçün kifayət qədər uyğun məkandır. Dünya Kubokunda 60-dan çox ölkə, 600-dən çox atlet iştirak edir. Bu o deməkdir ki, komandalar Azərbaycana gəlib, bu cür turnirdə iştirak etməyə can atır. Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmisi olaraq bura gələn qonaqlarla söhbətdə Azərbaycan haqda yalnız xoş sözlər eşidirəm. Həm ölkəni, həm insanları, həm də infrastrukturu bəyənirlər.

– Dünya Kuboku ilə bağlı ortaya hansısa əngəllər çıxır?
– İndiyə qədər ciddi mənada hansısa əngələ rast gəlməmişəm. Atletlərin qarşılanması, yarışların təşkili və keçirilməsi, onlara göstərilən münasibət yüksək səviyyədədir. İştirakçıların ölkəyə daxil olması prosesində müəyyən gecikmələr yaşanır. İşin asanlaşması üçün Miqrasiya Xidmətinin beynəlxalq yarışları nəzərə alsa, yaxşı olar. Bu da çempionatın keçirilməsinə əlavə dəyər qatar. Yarışın yüksək səviyyədə təşkil olunmasında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovun əməyini xüsusi qiymətləndirməliyəm. O, atəş meydanlarının təməl dayaqlarından biridir. Ümumiyyətlə, yerli federasiya işlərin mütəşəkkil şəkildə həyata keçməsini təmin edir. Neçə gündür buradayam və təşkilatçılığın hansı şəkildə görüldüyünün canlı şahidiyəm.

– Atletlər və məşqçilərin hansısa şikayətləri var?
– Bu günə qədər hansısa şikayətlə qarşılaşmamışıq. Atletlər yarışda uğurlu nəticə qazanmaq üçün əlindən gələnin ən yaxşısını edir.

– Yüksək səviyyəli yarışları problemsiz başa vurmaq üçün hansı sahələri təkmilləşdirmək lazımdır?
– Ən yüksək səviyyəyə çatmaq üçün daha çox səy göstərmək, təkmilləşdirmək lazımdır. Hər keçirilən yarış ölkə adına yeni təcrübədir. Vaxt ötdükcə kiçik problemlər də aradan qaldırılacaq. Təkmilləşdirmək deyəndə, insanların mötəbər yarışları fərqli prespektivlərdə görə bilmələrini nəzərdə tuturam.

– Qaydalarda əlavə və dəyişikliklər gözlənilir?
– Vaxtaşırı texniki iclaslar keçirilir. Həmin iclaslarda atletlər və hakimlərlə şəxsən söhbət edirəm. Qaydalarda hansısa dəyişikliklər olmalıdırsa, biz bu barədə qərar qəbul edirik. Atletlər də dəyişikliklərlə bağlı məlumatlandırılır. Bu, yeni qaydalarla keçirdiyimiz ilk yarışdır. Elə etməliyik ki, Dünya Kuboku qüsursuz keçsin.

– Qarışıq komanda növündə finalda Çinin iki komandası qarşılaşdı. Həlledici görüşdə eyni ölkənin iki komandasının üz-üzə gəlməsinə münasibətiniz necədir və buna dünya təcrübəsində rast gəlinirmi?
– Qaydalara görə hər ölkədən iki komandanın iştirakına icazə verilir. Və həmin komandaların hər ikisi finala yüksəlibsə, burada təəccüblü heç nə yoxdur. Bir həftə öncə Misirdə stend atıcılığı üzrə Dünya Kuboku keçirilmişdi. O yarışda da eyni ölkənin iki komandası finala vəsiqə qazanmışdı. Bu, bizim üçün yenilik deyil. Bəzi ölkələr atıcılıq idman növündə irəli gedib. Belə ölkələrdə komanda sayı çox olur və belə bir vəziyyət yaranır.

– Avqustda Bakı Atıcılıq Mərkəzində dünya çempionatı təşkil olunacaq. Ölkəmiz və paytaxtımızdakı mərkəz Olimpiadaya lisenziya verəcək mötəbər yarışa nə dərəcədə hazırdır?
– Bakı Atıcılıq Mərkəzini dünya çempionatına tam hazır hesab edə bilərik. Burada atletlərin rahatlığı və yarışı yüksək səviyyədə keçirmək üçün hər cür şərait var. Dünya çempionatı ilə Dünya Kuboku arasında cüzi fərqlər var. Avsqustdakı turnirə qədər zamanımız var. Bu vaxt kəsiyində sınaq mərhələləri keçirib, müsbət keyfiyyətləri müəyyənləşdiririk.

Heybət Məmmədov

Exit mobile version