“Zirə”nin aparıcı futbolçularından biri olan Hamidu Keytanın adı mətbuatda tez-tez “Qarabağ”la yanaşı hallanır. Hətta onun barəsində Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanova suallar da ünvanlanıb.
Maraqlı məqam odur ki, 2022-ci ilin yanvarından “qartallar”ın formasını geyinən futbolçu bir dəfə “köhlən atlar”ın formasını geyinmək şansı qazanıb. Fransalı vinger martda “Qarabağ” – “Qalatasaray” matçında iştirak edib. Azərbaycan çempionunun heyətindəki futbolçuların əksəri milli komandaların düşərgəsində olduğundan, onun köməyinə ehtiyac duyulub. Keyta oyuna sonradan daxil olsa da, özünü yad futbolçu kimi aparmayıb.
Hamidunun Qurban Qurbanovun transfer siyahısında yer aldğını bilmirik. Ancaq futbolçunun “Qarabağ”a mümkün keçidi ilə bağlı sual ünvanlamaq imkanmız olub. Aut.az-a açıqlama verən Keyta “Qarabağ”dan təklif gəlsə, cavabın necə olar” sualını səmimi şəkildə cavablandırıb:
“Təbii ki, xoşbəxt olardım. Belə təklif məni məmnun edər. Söhbət Azərbaycanın ən yaxşı komandasından gedir. Təklif olsa, düşünərəm”.
Qeyd edək ki, Fransalı futbolçu “Zirə” formasıyla ümumilikdə 52 oyun keçirib və 14 qol vurub.
Aut.az