AUT.AZ

Türkiyə mətbuatı “Sabah”ı niyə “yükləyir”?

“Beşiktaş” ilə “Sabah” arasında Bakıda keçiriləcək xeyriyyə matçı Türkiyə mətbuatının gündəmindədir. Qarşılaşma qardaş ölkənin mediasında ciddi müzakirə olunur.

Xüsusilə bu qarşılaşmadan əldə ediləcək gəlirlə bağlı bir sıra xəbərlər yayımlanır. Türkiyə mediası bildirir ki, xeyriyyə matçında yığılacaq vəsaitlə məktəb tikiləcək. Bunun üçün isə ən azı 9 milyon türk lirəsi, yəni 785 min manatın yığılacağına ümid edirlər. Həmkarlarımız eyni məqsədlə keçirilən “Atletiko” ilə görüşdə 10 milyon lirədən çox vəsait yığıldığını bildirirlər.

Bəs bu nə qədər realdır? Yaxın keçmişdə digər təmsilçimiz “Qarabağ”la “Qalatasaray” arasında Bakıda – Olimpiya stadionda xeyriyyə matçı keçirilib. Bu oyundan əldə edilən gəlir 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib. Bu vəsaitin yığılması üçün 60 mindən çox bilet satılıb, bir neçə reklam müqaviləsi imzalanıb, yayım hüququ satılıb.

“Sabah”la “Beşiktaş” arasındakı oyun isə daha az tamaşaçı tutumuna malik olan Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Eyni zamanda, “cimbom”dan fərqli olaraq “qara qartallar”ın Azərbaycanda çox sayda azarkeşi yoxdur. “Bayquşlar”ın özü isə yeni qurulub və bu mövsümdən uğurlu çıxış etməyə başlayıb. “Sabah”ın azarkeş kütləsi “Qarabağ”la eyni deyil.

Türkiyəli həmkarlarımızın mayın 13-də keçiriləcək görüşdən gözləntisi çox böyükdür. Amma onlar bəzi məqamları nəzərə almalı və təmsilçimizi çətin vəziyyətə salmamalıdılar. “Sabah”ın belə bir dövrdə – mövsümün gedişində çempionat oyununu təxirə salaraq xeyriyyə matçı keçirməsi bu klub adına böyük addımdır. Elə bu oyunun məsuliyyətini üzərilərinə götürmək də. Ona görə də tələsmək, “Sabah”ı “yükləmək” yox, xeyriyyə qarşılaşmasında nə toplanacaqsa, “Allah bərəkət versin” demək lazımdır.

Aut.az

Exit mobile version