AUT.AZ

İlk qaliblər bəlli oldu

Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2023” reqatası start götürüb.

Aut.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reqata Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

 

Suqovuşan su anbarında təşkil olunan yarışa 20-dək ölkədən 100-dən çox idmançı qatılıb. Onlar kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüş ediblər.

Əvvəlcə 2005-2006-cı il təvəllüdlü oğlanlar birnəfərlik kayakda 200 metr məsafəyə yarışda güclərini sınayıblar. Elmir Məmmədov yarışı birinci, Sezar Amari (Moldova) ikinci, Radislav Çifliqarov (Bolqarıstan) isə üçüncü pillədə başa vurublar. Eyni məsafəyə bir nəfərlik kayakda 2007-2008-ci il təvəllüdlü qızların mübarizəsində Yıldız Özgün Naz (Türkiyə) qızıl, Mişel Fessun (Ukrayna) gümüş, Mixaela Rusu (Rumıniya) isə bürünc medal qazanıblar. 2009-2010-cu il təvəllüdlü qızların yarışında isə Evelina Kostenko (Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İzabela Aleksandra Jarnovska (Polşa) və Sofiya Nenno (Moldova) ilk üçlüyü tamamlayıblar.

2005-2006-cı il təvəllüdlü qızların bu məsafəyə birnəfərlik kayak qayığı ilə mübarizəsində Evrim Bostançı (Türkiyə) bütün rəqiblərini qabaqlayıb. Andrea Botnariuk (Rumıniya) gümüş, Darina Həsənova isə bürünc medala yiyələniblər. Eyni yaş qrupuna aid oğlanlar arasında Nika Odişelidze (Gürcüstan) finişə hamıdan tez çatıb. Ali Kemal Sarar (Türkiyə) ikinci, Maarif Qarayevisə üçüncü yeri tutublar.

2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində qızıl medal Lev Luninə (Moldova) qismət olub. Nihad Rəhimova ikinci, Can Halil (Bolqarıstan) isə üçüncü pillədə qərarlaşıblar.

2005-2008-ci il təvəllüdlü qızların birnəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yarışında Manana Petriaşvili (Gürcüstan) birinci olub. Ulyana İvanova (Qazaxıstan) gümüş, Gülnarə Həmzəyeva isə bürünc medal əldə ediblər.

Yarışın növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək. Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

Exit mobile version