Klublar Komitəsinin aprelin 12-də keçirilən iclasından sonra maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, komitə AFFA-ya bəyanat verib.
Buna səbəb federasiyanın dövlətin ayırdığı 3 milyonluq vəsaitlə bağlı tələb etdiyi meyarlardır. Qurumun qoyduğu kriteyaları klublar birmənalı şəkildə qarşılamayıblar. Premyer Liqa təmsilçiləri bir sıra tələblərin əsassız olduğunu bildiriblər.
Məsələn, AFFA yeni mövsümdən dövlətin ayırdığı pulla legioner futbolçu transfer edilməsini istəmir. Bundan başqa, uşaq futbolu və digər bölgülərdə də tələblər var ki, bu, klubları narazı salıb. Nəticədə Klublar Komitəsi AFFA-ya etirazını bildirib.
Federasiyanın İcraiyyə Komitəsinin son iclasında Klublar Komitəsi tərəfindən ünvanlanmış təkliflər barədə məlumat verilib. Müvafiq təkliflərə yaxın günlərdə münasibət bildiriləcəyi qeyd olunub.
Bu, aprelin 13-də baş verib. Üstündən xeyli müddət keçib. AFFA-nın klublara cavabı nə olub? Sualımızı Klublar Komitəsinin sədri Fariz Nəcəfova ünvanladıq. Nəcəfov Aut.az-a açıqlamasında bildirdi ki, bəyanata rəsmi cavab verilməyib:
“Amma mayın 8-də Klublar Komitəsinin növbəti toplantısı olacaq. Bu, xüsusi görüşdür. Növbəti mövsümün büdcəsi ilə bağlı klublarla məsləhətləşmələr aparılacaq. Toplantıda verdiyimiz bəyanata cavab alacağıq. Ümid edirik ki, biz qeyd etdiyimiz məsələlər öz həllini tapar”.
Premyer Liqanın aparıcı iştirakçılarının limitdən narazı olduğu, legioner sayının artırılmasını istədiyi iddia olunur. Fariz Nəcəfov bu məsələdən xəbərdardırmı? Ümumiyyətlə, legioner limiti ilə bağlı qərar hansı formada olmalıdır?
“Bu məsələdən xəbərim yoxdur. Ümumiyyətlə bu məsələlərin hamısında müzakirə olunan əhatə bilinməlidir. Müzakirələr harada, kimlər tərəfindən aparılır, hansı mütəxəssislər bu qərarı verir, niyə bu məsələlərdə klublarla məsələhətləşmirlər? Klublar Komitəsi var, fikri niyə öyrənilmir? Bunun altından özəlliklə xətt çəkərək bildirirəm ki, elə məsələ varsa, mən bunu eşitməmişəm. Varsa, geniş müzakirə edilməlidir. İcraiyyə Komitəsində məsələ qaldırıldı, qərar verildi ki, olmamalıdır. Bunu da özəlliklə vurğulamaq istəyirəm. Bu günə kimi verilən qərarların səhv olduğu ortadadır. Belə bir şey olarsa, ciddi şəkildə etiraz edəcəyik”, – Nəcəfov deyib.
Komitə rəhbəri növbəti mövsüm üçün klubların hansısa təklifinin olmadığını, yalnız ayrılacaq büdcənin meyarları ilə bağlı məsələlərin müzakirə edildiyini də bildirdi.
Aut.az