Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qəbələ” – “Səbail”i 4:2 hesabı ilə məğlub edib. “Qırmızı-qaralar”a qələbə gətirən qollardan birini Əyyub Allaş vurdu.
Oyundan sonra belçikalı yarımmüdafiəçi Aut.az-ın suallarını cavablandırdı:
– Əvvəlcə oyunla bağlı düşüncələrini öyrənərdik…
– Bizə 3 xal lazım idi. 4-cü sıra üçün mübarizə apardığımız üçün hər qələbə bizə vacibdir. Xoşbəxtik ki, bu oyunda qələbə qazandıq.
– Baxımlı qol vurdun, onu necə şərh edərdin…
– Çox qəşəng qol alındı, amma 3 xal ondan da vacibdir.
– Mövsümün gedişində “Qəbələ”yə gəldin. Uyğunlaşma prosesini keçdiyini deyə bilərik?
– Hazırda özümü çox yaxşı hiss edirəm. Yaxşı komandamız var. Bundan da yaxşı ola bilərəm. Öz üzərimdə işləyirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.
– Çempionatla bağlı düşüncələrin necədir?
– Taktiki və texniki futbola üstünlük verir. Texniki baxımdan yaxşı olmalı, pasla oynamalısan. Çox yaxşı çempionatdır. Mən özüm də texniki futbola üstünlük verirəm. Ona görə xoşuma gəlir.
– “Neftçi” ilə ölkə kubokunun final oyunu barədə nə düşünürsünüz?
– Finala hələ çox var. Hazırda bu məsələ bizim üçün vacib deyil. Həmin oyun iyunun 3-dədir. İndi diqqətimizi Premyer Liqaya yönəltmişik. Dördüncü yer uğrunda mübarizə aparırıq. Finala gəlincə, şanslar bərabərdir. Necə olacağını həmin vaxt görəcəyik.
Aut.az