AUT.AZ

Bakıda minifutbol üzrə beynəlxalq turnirin açılışı oldu

Mayın 1-də Azərbaycan Minifutbol Federasiyasnın (AMF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib.

Aut.az xəbər verir ki, tədbirdə idman federasiyalarının rəhbərləri, Türkiyə, Ukrayna, Çexiya və s. ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ümummilli Liderin idmana diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idman siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin sayının ildən-ilə artdığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılarımıza böyük diqqət və qayğısı beynəlxalq yarışlarda yeni qələbələr qazanmağımıza zəmin yaradır.

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkəmizdə minifutbolun inkişafı, turnirinin məqsədi barədə fikirlərini bölüşüb, turnirin dostluq mühitində keçəcəyinə və yaddaşlarda qalacağına əminliyini vurğulayıb, yarışda iştirak edəcək komandalara uğurlar arzu edib.

Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda Azərbaycanın minifutbol üzrə Avropa çempionluğundan sonra bu idman növünə marağın daha da artdığının, belə mötəbər beynəlxalq turnirlərin bu idman növünün təbliğində əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət dəfələrlə beynəlxalq idman təşkilatları və federasiyaları tərəfindən yüksək qiymətləndirilib.

Çıxışlardan sonra açılış mərasimi bədii proqramla davam edib. Yekunda turnirdə mübarizə aparan 10 ölkənin komandaları səhnəyə dəvət olunub.

Minifutbol üzrə beynəlxalq turnir mayın 6-da başa çatacaq.

Exit mobile version