AUT.AZ

Tebasın ideyası Azərbaycan klublarına nə vəd edir? – “Qəbələ” rəsmisi “daha çox pul olacaq” deyir

Məlum olduğu kimi, La Liqanın rəhbəri Xavyer Tebas Avropa Klublar İttifaqı (UEC) adlı təşkilat yaradıb. Bu addımla ümid edilir ki, orta və aşağı səviyyəli 1400 klubun hüququ qorunacaq. Eyni zamanda onlar əlavə gəlirlər qazanacaq.

Artıq bir sıra klublar Tebasın ideyasını dəstəklədiyini, bu təşkilatın orta və aşağı səviyyəli klubların UEFA rəhbər orqanlarında daha böyük hüquqlara sahib olacağını bildiriblər.  Təbii ki, bu, təşkilatın iddiasıdır. Reallıqda nəyin necə olacağını zaman göstərəcək. Məsələnin bizə maraqlı olan tərəfi isə Azərbaycan klubları ilə bağlıdır. Onların da daha çox pul qazanmaq və Avropa futbolunda müəyyən hüquqlara sahiblənmək haqqı var. Təmsilçərimizin UEC-ə üzv olub-olmayacağını zaman göstərəcək.

Amma başqa bir futbol təşkilatının – Avropa Klublar Assosiasiyasının (ECA) üzvü olan klublarımız var. Onlardan biri də “Qəbələ”dir. Tebasın ideyası ilə bağlı məsələni “Qəbələ”nin baş meneceri Nail Kərimovla müzakirə etdik. Bu sahədə böyük təcrübəsi olan Kərimov Aut.az-a verdiyi açıqlamada Avropa Klublar İttifaqının fəaliyyətinə geniş rəy verməsə də, üzv olduqları təşkilatın orta və aşağı səviyyəli klublar üçün faydalı olan qərarlarından bəhs etdi:

“Xavyer Tebasın təklifi ilə yaradılan yeni təşkilatın plan-proqramı ilə ilkin tanışlığımız olduğuna görə bu haqda sağlam fikir bildirməyimiz real görünmür. Amma Avropa futbolunda orta və aşağı səviyyəli klubların qayğılarından xəbərdarıq. Avropa Klublar Assosiasiyasının sonuncu – 29-cu baş assambleyasında iştirak etmişik. Bu təşkilatın səs vermək hüququ olan üzvlərindən biriyik. ECA-nın da orta və aşağı səviyyəlı klublarla bağlı qayğıları var. Növbəti mövsümdən böyük klubların qazancından və ümumi artan qazancdan 1,5 milyard avro belə klublar üçün ayrılacaq. Həmin klublar bu vəsaiti avrokuboklarda iştiraka və uşaq futbolunun inkişafına görə alacaq. Həm də “hovuz bölgüsü” olacaq, orta və aşağı səviyyəli klublara daha çox pul düşəcək.

UEFA ilə ECA arasında memorandum imzalanıb. Bundan sonra milli komandalara görə klublara ödənilən məbləğlər də artır. Bu, bütün rəsmi oyunları əhatə edir. Həm də hansısa futbolçu böyük turnirlərin final mərhələsində iştirak edərsə, belə klublar üçün çox böyük təkan olacaq”.

Nail Kərimov bildirdi ki, eyni tipli iki təşkilatın fəaliyyətdə olması orta səviyyəli klublar üçün olduqca faydalı ola bilər:

“Maddiyatdan kənar məsələlərə baxsaq, ECA belə klubların gücünü artırmaq niyyətindədir. Son assambleyada qeyd olundu ki, əvvəlki illərdən fərqli olaraq bundan sonra təşkilatın klublarla ünsiyyəti 200 faiz artacaq. Tebasın təşkilatının təklifləri arasında qadın futbolunun, klublarının gücləndirilməsi məsələsi də var. ECA da bu istiqamətdə böyük işlər görür. Artıq təşkilatın İcraiyyə Komitəsi üzvlərindən birinin qadın klublarının nümayəndəsi olması nəzərdə tutulur. UEFA reytinqində ilk 40-lıqda olan qadın klubları ECA-ya birbaşa üzv qəbul olunur. Uşaq futbolu məsələlərində  da böyük işlər görülür. Bizim kimi klublar üçün çox yaxşı görünür. Ola bilər ki, ECA-ya alternativ təşkilatın yaranması bir az da dəstək verər ki, orta və aşağı səviyyəli klublar maddi cəhətdən daha yaxşı təmin olunsunlar. Bu ideya ECA-nın daha yaxşı işlər görməyə sövq edə bilər”.

Aut.az

Exit mobile version