AUT.AZ

“Qarabağ” və “Neftçi” bu puldan niyə imtina edir?

Bir neçə gün öncə oxucularımızdan biri redaskiyamıza müraciət edərək azyaşlı uşaqlar üçün “Qarabağ” formasını axtardığını, ancaq tapa bilmədiyin söylədi. Kiçik araşdırmalardan sonra həqiqətən belə vəziyyətin olduğunu öyrəndik.

Azərbaycan futbolunun Avropadakı bayraqdarı olan “Qarabağ” ölkədə çox sevilir. Ağdam təmsilçisinin azarkeşlərinin sayı az deyil. Gənc və yeniyetmələrdə bu komandaya qarşı xüsusi sevgi var. Çünki onlar gözlərini açandan bəri “köhlən atlar”ın Avropa macərasını izləyirlər. Belə olan halda, təbii olaraq həmin klublara, üzvlərinə və məhsullarına təlabat artır.

Əslində, Azərbaycan gəncinin başqa ölkələrin təmsilçilərinin formasını geyinməsindənsə, doğma klublarımızı seçməsi çox yaxşı olardı.

Bu məqam hər iki tərəfə faydalı olur. Birincisi, həmin klubun azarkeşlərinin sayı artır, cəmiyyət bu formaları görür və öz brendlərimizə maraq oyanır. Başqa bir məqam isə marketinqlə bağlı məsələdir.

İndiki dövrdə futbol klubları büdcələrini, həm də, məhz məhsullarını satdıqları mağazalar sayəsində zənginləşdirirlər. Azərbaycanda isə bu sarıdan vəziyyət fərqlidir. Klublarımızın bir neçəsinin fan-şopu olsa da, onların elə də böyük vəsait qazandırmadığı ortadadır.

İndi isə qayıdaq mövzumuza. Məlumdur ki, həmin fan-şoplarda klubların idman dəstləri, formaları və digər məhsulllar satılır. Ancaq həmin mağazalarda uşaqlar üçün geyim dəstləri yoxdur. Bununla da klublarımız gəlir qazanmaq imkanlarını məhdudlaşdırırlar.

Bu azmış kimi, “qara bazar”da forma satan işbazların əllərinə fürsət verirlər. Nəticədə orijinal olmayan, uşaqların oqranizminə ziyanlı olan, amma klubun formasına oxşar məhsullar satılır. Əldə edilən vəsait isə klubların büdcələrinə deyil, işbazların ciblərinə gedir. Bu, klubların ziyanına olan amillərdəndir.

Fan-şoplardakı vəziyyəti dəqiq öyrənmək üçün ölkənin iki böyük təmsilçisi – “Qarabağ” və “Neftçi” ilə əlaqə saxladıq. Hər iki klubdan bildirildi ki, hazırda fan-şoplarında uşaqlar üçün formalar satılmır. Ancaq yeni mövsümdən bu məsələ həllini tapacaq:

Gündüz Abbaszadə, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri: “Fan-şopumuzda uşaq məhsulları var. Amma sırf oyun geyimləri satışda yoxdur. Bu da rentabelli deyil. Əvvəlki illərdə bu təcrübə olub. Tələb çox deyil. Sırf ona görədir. Biz növbəti mövsümdən yeni firma ilə əməkdaşlığa başlayacağıq. Bu məsələnin həlli yönündə çalışmalarımız var. Yəqin ki, növbəti mövsümdən bu istəklər də qarşılanacaq”.

Rüstəm Allahveriyev, “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi: “Hal-hazırda mağamızda uşaq formaları yoxdur. Yeni sponsorla anlaşmamız olacaq. Həmin anlaşma çərçivəsində fan-şopumuzda 2 yaşından başlayaraq bütün uşaqlar üçün formalarımız olacaq”.

“Qarabağ” və “Neftçi” rəsmiləri azyaşlı azarkeşlərinə və onların valideynlərin xoş xəbər verdi. Bizə gözləmək qalır. Görək klublarımız bu sahədəki boşluğu aradan qaldıra biləcəklərmi? (Publika.az)

Heybət Məmmədov

Exit mobile version