AUT.AZ

Dilin bəlası: bu sözlərinə görə izahat tələb edirlər

İngiltərə Futbol Assosiasiyası (FA) “Vest Hem”in baş məşqçisi Devid Moyesdən “Liverpul” – “Vest Hem” matçında VAR sistemi ilə bağlı açıqlamasına aydınlıq gətirməsini istəyir.

Aprelin 26-da Londondakı Olimpiya Stadionunda İngiltərə Premyer Liqasının 33-cü turunun “Liverpul” – “Vest Hem” matçında Yurgen Kloppun komandası qalib gəlib (2:1).

Oyundan sonra London klubunun baş məşqçisi Devid Moyes hakimlər briqadasının işi ilə razılaşmadığını bildirərək, topun “Liverpul”un yarımmüdafiəçisi Tiaqo Alkantaranın əlinə dəydiyi epizoda məhəl qoymayan VAR hakimi Nil Svarbriki tənqid edib.

“Məncə, bu, penaltidir. Düşünürəm ki, VAR-ın hörmətsizliyinə dözmək çətindir. VAR heç olmasa hakimə bu epizoda baxmağı tövsiyə edə bilərdi. Mən təəccüblənirəm. VAR-da kiminsə bunun penalti olduğunu başa düşməsi üçün, onun futbol biliyi olmalı idi”, – Moyes deyib.

“Evening Standard”ın məlumatına görə, Devid Moyesin bu açıqlaması İngiltərə Futbol Assosiasiyasını maraqlandırıb. Assosiasiya “Vest Hem”in baş məşqçisindən izahat tələb edib, bunun əsasında Moyesə qarşı nalayiq davranışla bağlı ittihamı irəli sürülməsinə qərar veriləcək.

Aut.az

 

Exit mobile version