AUT.AZ

SSRİ-nin məşhur qapıçısı xaç çəkdi, generallar hiddətləndi: O, ağır cəzadan necə xilas oldu?

Sovet dövründə din rəsmi olaraq qadağan edilməmişdi. Buna baxmayaraq, dövlət səviyyəsində dinə qarşı hər cür mübarizə aparılırdı. Ateizm təbliğ edilir, din xadimlərinə təzyiq edilirdi.

Buna görə də inanclı insanlar, xüsusən də sənətçilər, idmançılar və digər tanınmış insanlar dini hisslərini büruzə vermirdilər.

Ancaq həqiqəti gizlətmək həmişə mümkün olmayıb. Belə məsələlərin üstü açıldıqda isə qalmaqallar yaranırdı. Belə bir qalmaqalı Tbilisi “Dinamo”sunun əfsanəvi qapıçı Otar Qabeliya da yaşadı. Qabeliya “Dinamo”nun heyətində SSRİ kubokunu və Kuboklar kubokunu qazanıb, 1979-cu ildə isə SSRİ-nin ən yaxşı qapıçısı seçilib.

1979-cu ildə Tbilisi “Dinamo”su SSRİ kubokunun finalında Moskva “Dinamo”su ilə qarşılaşdı. Həmin oyunda veteran David Qogia meydana çıxmalı idi, lakin oyuna bir neçə gün qalmış zədələndi. Baş məşqçi Nodar Axalkatsi Qabeliyaya güvənmək məcburiyyətində qalıb.

Belə məsuliyyətli oyunda meydana çıxacağını biləndən sonra Otar həyəcanlandı və yalnız səhər saat beşdə yuxuya gedə bildi.

“Qoqiya məni bacardığı qədər ruhlandırdı: “Narahat olma, sabah adi oyun olduğunu düşün”, –  deyə Qabeliya xatırlayıb.

Hakimin start fitindən cəmi bir neçə dəqiqə sonra qapıçı sakitləşdi. Oyuna qoşulan və bir neçə seyv edən Otar özünü inamlı hiss etdi. Qarşılaşmanın əsas və əlavə vaxtında hesab açılmadı. Penalti seriyasında isə o, rəqibin 3 zərbəsini dəf edərək komandasına qələbə qazandırdı.

Hər şey yaxşı idi, amma onun xaç çevirdiyi an kameranın obyektivinə düşdü və bütün SSRİ-də göstərildi. Həngamə başladı, nə başladı…

“Çox səs-küy var idi. Mənə dedilər ki, sən necə komsomolçusan ki, xaç çevirirsən”, – Qabeliya xatırlayır.

Vəziyyəti Moskva “Dinamo”suna azarkeşlik edən generallar daha da qəlizləşdirir, qapıçının sərt cəzalanmasını tələb edirdilər.

Hakimiyyət dərhal göstəriş verdi: araşdırılsın. “Dinamo” Tbilisiyə qayıtdıqdan az sonra komandanın bazasına Gürcüstan Mərkəzi Komitəsinin Komsomol  katibi Jiuli Şartava gəldi.

Xoşbəxtlikdən o, Qabeliyanın həmyerlisi imiş (hər ikisi Gürcüstanın qərbində böyüyüb), ona görə də baş verənlərə nəinki göz yumdu, həm də ona ciddi cəzadan yayınmağa kömək edib. Qapıçını xilas etmək üçün Şartava hiyləgər plan qurub.

“O gələndə məndə həyəcan yarandı. Məni kənara çəkdi və dedi: “Biz nəsə fikirləşməliyik, əks halda diskvalifikasiya iyi gəlir. Deyərsiniz ki,  iki hissə və əlavə vaxtdan sonra üzünüzün və köynəyinizin tərini bu şəkildə silmək istəyirdiniz. Siz gəncsiniz və nə etdiyinizi başa düşməyibsiniz”, – Qabeliya deyir.

Futbolçunu təlimatlandıran Şartava Mərkəzi Komitəyə teleqram vuraraq vəziyyəti izah edib və belə halın bir daha təkrarlanacağı təqdirdə qapıçının diskvalifikasiya edilməsini tövsiyə edib.

Mərkəzi Komitə Şartavanın izahatını və tövsiyəsini qəbul etdi, Qabeliya canını adi töhmətlə qurtardı.

Bundan sonra o, qısa fasilə ilə daha 10 il Tbilisi “Dinamo”sunda uğurla çıxış etdi. Həmin qalmaqala baxmayaraq, Qabeliya meydanda xaç çevirməkdən imtina etmədi. Amma xoşbəxtlikdən onun ritualı artıq kamera obyektivlərinə düşmədi.

Aut.az

Exit mobile version